"İstənilən sağlam mühitdə hər hansı məhsulun rüsumdan azad edilməsi şübhəsiz ki, qiymət əmələgəlmə prosesinə müsbət təsir göstərməlidir".
Bu fikirləri "Sherg.az"a iqtisadçı Fuad İbrahimov Azərbaycan hökumətinin Pakistandan düyü idxalını gömrük rüsumundan azad etməsinə münasibət bildirərkən deyib. Onun qənaətincə, hazırda hökumətin atdığı bu addım dünyada gedən bahalaşma prosesini stimullaşdırır:
"Vergidən azad edilmə qiymətin ucuzlaşmasında effektlidir. Təəssüf ki, ölkəmizin bazarında bir çox məhsulların gömrük rüsumundan, hətta Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsinə rəğmən, qiymətdə müsbət tendensiyalar müşahidə olunmur. Məsələn, Azərbaycanın yerli istehsal məhsullarından yumurta, toyuq əti, çörək kimi məhsullar ƏDV-dən azaddır. Amma indiki zamanda hər hansının qiymətinin ucuzlaşmasını görmürük.
Təhlillər göstərir ki, bu imtiyazdan "sahibkarlar" yerindəcə istifadə edirlər. Hazırkı məqamda malın ucuzlaşması baş vermir, ən yaxşı halda qiymət sabit qalır.
Dünyada ərzaq məhsullarının qiymətində dinamik artım prosesi gedir, düyü də ən strateji məhsullar sırasına daxil edilə bilər. Nəzərə almaq lazımdır ki, dünyada taxıl məhsullarının qiyməti qalxıb. Nəticədə qiymət əmələgəlmə prosesində panik bir vəziyyət yaranır. Səbəb isə Rusiya-Ukrayna müharibəsidir.
Rusiya dünyada bir nömrəli ixracatçıdır. Ukrayna sülh dövrünü əhatə edən son məlumatlara əsasən, ilk beşlikdəki ixrac ölkələri sırasına daxil olub. Hazırda bu ölkələrin biri-birləri ilə müharibə vəziyyətində olmaları taxıl qiymətlərinə mənfi təsir göstərir.
Bu da panikaya gətirib, çıxarır. Düyü həssas məmulatlar qrupuna aid olduğu üçün hazırkı vaxtda dünya bazarlarında qiymətinin qalxma ehtimalı mövcuddur. Ona görə də idxal vergisini azad etsək belə, dünya bazarlarında qiymət qalxarsa, ölkəmizə də təsirsiz ötüşməz.
Lakin nəzəriyyənin əsaslarını nəzərə alaraq fikrimizi söyləsək, əlbəttə ki, bu qəbildən olan addımlar əslində ucuzlaşmaya şərait yaratmalıdır. Ən pis halda qiymətin bahalaşmamasına gətirib, çıxarmalıdır".
Qeyd edək ki, Azərbaycan hökuməti Pakistandan düyü idxalını gömrük rüsumundan azad edib.