"2023-cü il dövlət büdcəsinin tədqiqi hökumətin gələn il əmək haqqı, təqaüd və müavinətlərin artımı ilə bağlı geniş sosial paketlər açıqlamayacağını göstərir:
Bu sözləri "Sherg.az"a iqtisadçı Rəşad Həsənov Milli Məclisin komitələrində gələn ilin dövlət büdcəsinə dair aparılan müzakirələrə münasibət bildirərkən deyib. O qeyd edib ki, sözügedən istiqamətlərdə ayrılan vəsaitlər müvafiq paketlərin açıqlanmasını maliyyələşdirəcək gücdə deyil:
"2023-cü il ərzində başqa qərarların qəbul olunması istisna hesab edilmir. Bunun üçün əlavə fondlardan vəsaitlər yönəldilə bilər. Eyni zamanda neftin büdcədə 50 dollardan hesablanması ilə əlavə gəlir ehtimalı çox yüksəkdir.
Amma bugünkü müzakirələrdə ortaya qoyulan rəqəmlər hökumətdə hələ ki belə bir mövqeyin olmadığını deməyə əsas verir. Həmçinin sənədlərin təhlili, Hesablama Palatasının rəyinə baxış da göstərir ki, hökumət hazırda büdcə xərcləmələrində sosial yükün artırılmasının inflyasiyaya təsir göstərə biləcəyindən narahatdır.
Çünki Hesablama Palatasının rəyində hətta əmək haqları, təqaüdlər, müavinətlərin artımının inflyasiyaya spiralvari geri dönüş yaratma ehtimalı ilə bağlı xüsusi qeyd var idi. Hər kəsə məlumdur ki, xərcləmə imkanı, bazara daxil olan vəsaitin artması müəyyən qədər inflyasiyaya əsaslar formalaşdırır.
Burada dövlətin funksiyası balansı təmin etməkdir. Hökumət mümkün qədər çalışmalıdır ki, əhali inflyasiyanın zərərçəkəninə çevrilməsin. Ona görə də qızıl tarazlığı qorumaq lazımdır.
Digər tərəfdən inflyasiya ilə mübarizə insanların əmək haqqı, müavinət və təqaüdünü azaltmaqla olmalı deyil. Növbəti mərhələlərdə dəyişiklik olmasa, müzakirə edilən sənədlərdə hər hansı bir ciddi mesajlar görmürük".
Qeyd edək ki, Milli Məclisin komitələrində gələn ilin dövlət büdcəsinin müzakirələri aparılır. Müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər dövlət rəsmiləri, deputatlar iştirak edib.