Biznesə yaşıl işıq

Sahibkarlar rahat nəfəs ala bilər

Borclu vergi ödəyicilərinə hesab açmaq üçün qoyulan məhdudiyyət aradan qaldırılıb


  Borclu vergi ödəyicilərinin hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırılıb. Bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər. Bu  qərar Vergi Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.

  Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bu məhdudiyyətin aradan qaldırılması vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır: "Çünki bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər”.
  "Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan bu dəyişiklik mütərəqqi addımdır”. 

  Vergi məsələləri üzrə ekspert Anar Bayramov isə  “Şərq”ə açıqlamasında  Vergi Məcəlləsində edilmiş bu dəyişikliyin vergi ödəyicilərinin inzibatçılıq yükünün azaldılması ilə bağlı olduğunu deyib:

 “Dəyişikliyə qədərki qanunvericiliyə əsasən, vergi  ödəyicisinin bir qəpik belə borcu olsaydı, həmin şəxs yeni hesab açmaq üçün əvvəlcə həmin borcu ödəməli idi. Vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmadığı halda isə hesabın açılması üçün vergi orqanı tərəfindən banka şəhadətnamə-dublikat göndərilir.

  Vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu varsa, hesabın açılması üçün vergi orqanı tərəfindən banka şəhadətnamə-dublikatını  göndərmək mümkün olmur. Bu zaman da vergi ödəyicisi vaxt itkisinə məruz qalır. Yəni  vergi ödəyicisi dövlət büdcəsinə borcunu ödədikdən 2 gün sonra həmin borc sıfırlanır. Sonra isə vergi orqanı yenidən banka şəhadətnamə-dublikat göndərir və bu sənədə də iki iş günü ərzində bankdan cavab gəlirdi. Halbuki bəzən vergi ödəyiciləri bankdan təcili kredit götürməli olur, yaxud da təcili olaraq  kredit götürüb avro valyutasına konvertasiya edərək hansısa bir xarici ölkəyə köçürmə etmək istəyir. Bu zaman dövlət büdcəsinə borcu olduğu  4-5 gün gözləməli olurdu.   Bu vaxta qədər də avronun məzənnəsində ciddi dəyişikliklər  müşahidə edilirdi. Bütün bunları real təcrübədən deyirəm.  Bu baxımdan Vergilər Məcəlləsinə edilən  müvafiq dəyişikliklərin əhəmiyyətli olduğunu düşünürəm.  

  Yeni dəyişikliyə əsasən, bundan sonra isə borclu vergi ödəyicilərinə hesab açmaq üçün qoyulan məhdudiyyət aradan qaldırılıb, vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslərdə hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv edilib. Beləliklə, bundan sonra hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılacaq”.

  A.Bayramov deyib ki, dəyişikliklərə əsasən, vergi ödəyicisinə açılmış hesabların vergi orqanında qeydiyyata alınması üçün bank əməliyyatları aparan şəxslər tərəfindən hesab açıldığı tarixdən 1 iş günü müddətində vergi orqanına elektron qaydada məlumat göndərilir:

 “Açılmış hesab daxil olmuş məlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimində avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir. Vergi ödəyicisinin borcu olduğu və borcun ödəniş müddətinin bitdiyi halda, vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə yanaşı, eyni gündə həmin hesab üzrə sərəncam da göndərilir. 

Amma bir məsələ var ki, dövlət büdcəsinə borcu olan vergi ödəyicisinin adına yeni hesab açılsa da orada heç bir əməliyyat apara bilməz. Yox əgər şəxsin hər hansı banka borcu varsa, bu zaman bank bildiriş göndərir ki, şəxsin hesabında yalnız  mədaxail əməliyyatları icra oluna bilər. Məxaric isə mümkün deyil. Ancaq qanunvericiliyin icazə verdiyi müəyyən ödənişləri icra edə bilər. Qanuna görə, vergi ödəyicisi dövlət büdcəsindən əvvəl  aliment borcunu və insan sağlamlığına vurulan xəsarətə görə ödənilməli olan məbləği, əməkhaqqını məxaric edə bilər.

  Qalan ödənişlərdən əvvəl mütləq dövlətə olan borc ödənilməlidir. Göründüyü kimi, mövcud inzibatçılığın sadələşdirilməsi və prosedurların azaldılması məqsədilə qüvvədə olan qanunvericiliyə dəyişikliklər edilməklə yeni mexanizmin tətbiqi nəzərdə tutulur”.