Çünki iki aydan sonra yeni tikinti mövsümü başlayacaq və sahibkarlar buna hazırlaşırlar
Azərbaycanda tikinti materialları ucuzlaşıb. Bunu "Trend"ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, ucuzlaşmalar əsasən taxta materiallarında qeydə alınır: "Belə ki, sahibkarlar qiymət ucuzlaşmasını mövsümlə əlaqələndirirlər. Bildirirlər ki, qış aylarında tikinti materiallarına tələbat azalır və bazarda ucuzlaşma baş verir. Ancaq qiymətlərin bu qədər ucuzlaşması təəccüblüdür. Fevral ayından etibarən tikinti mövsümündə canlanma baş verəcək. Qiymətlər indiki kimi qalarsa, bu, böyük göstərici olar".
Ekspertin sözlərinə görə, ötən ilin son rübündə taxtanın 1 kubmetrinin qiyməti ötən il 430-450 manata çatmışdı: "Hazırda isə 330 manata almaq mümkündür. Diktlərin də qiymətində azalma müşahidə olunur. 18 mm-lik diktin qiyməti 40 manatdan 20-25 manata satılır. Ümumiyyətlə, taxta və taxtadan hazırlanan materialların qiymətlərində ucuzlaşma var. Bundan başqa, dam örtüklərinin qiymətlərində də 3 manat ucuzlaşma var".
Qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ötən il tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 85,7 milyon manat olmaqla, 2021-ci illə müqayisədə 12,6 faiz artım olub.
Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə isə deyib ki, Azərbaycanda ötən il tikinti materiallarının qiymətləri Rusiya-Ukrayna müharibəsinin fonunda sürətlə artsa da, son iki ayda sabitləşib. Belə ki, müharibə başlayanda tədarüklə bağlı yaranmış çətinliklər artıq aradan qalxmaq üzrədir, yəni Rusiyadan Azərbaycana kifayət qədər tikinti materialı gəlir:
“Bundan başqa, adətən, qış aylarında tikinti materiallarına tələbat azalır və bazarda ucuzlaşma baş verir. Yəqin ki, biz mart ayından başlayaraq qiymətlərdə yenidən artım müşahidə edəcəyik.
Çünki iki aydan sonra yeni tikinti mövsümü başlayacaq və sahibkarlar buna hazırlaşırlar. Yəni indi müşahidə olunan qiymət azalmaları müvəqqətidir”.
Ekspertin sözlərinə görə, bazarda zavod istehsalı olan armaturun 1 tonunun qiyməti 1 350-1 400 manatdan 1 200 manata düşüb, sex istehsalı olan armaturun 1 tonu isə həmişəki kimi 800-900 manata təklif olunur.
Taxtanın 1 kubmetrini isə 330 manata almaq mümkündür. Halbuki qiymət ötən il 400-450 manata çatmışdı. Diktlərin də qiymətində azalma müşahidə olunur. 45-48 manat olan diktlər hazırda 22-24 manata satılır”.