Ona görə dollara çox böyük həcmdə ehtiyac yoxdur
Mərkəzi Bankın təşkil etdiyi son iki valyuta hərraclarında banklar tərəfindən heç bir sifariş təqdim edilməyib. Bu o deməkdir ki, hərraca çıxarılan dolları heç bir bank almaqda maraqlı olmayıb.
Ötən il isə Mərkəzi Bank əksər hərraclarda təklifin tələbi üstələdiyini, eyni zamanda bankların nağd valyuta alışının satışı üstələdiyini bildirmişdi.
Ekspertlərin ehtimalına görə, Rusiyadan Azərbaycana pul köçürmələri və əhalinin satışları artdığından banklar əhalidən kifayət qədər məbləğdə xarici valyuta aldıqları üçün hərracda valyuta sifariş etməyə maraq göstərmirlər.
Millət vəkili Vüqar Bayramov isə hesab edir ki, dollara tələbin azalmasının bir neçə əsas səbəbləri var. Əvəlla, mövsümi olaraq dollara tələbin azalması müşahidə olunur. Bu daha çox idxal əməliyyatlarının həcmi ilə bağlıdır: “İlin ilk ayında idxalın həcminin azalması dollara tələbi də aşağı salır. Ötən ilin ilk 11 ayında idxalın həcmi 12 milyard 881 milyon dollar olub. Bu, idxalın həcmində 1,2 faiz artım deməkdir. İdxal dollara əsas tələb yaradan faktordur. İdxalın həcminin dəyişməsi xarici valyutaya tələbi müəyyənləşdirir.
Digər tərəfdən əhalinin də dollara tələbi azalmaqdadır. Burada iki mühüm məqam var. Birincisi, dollar alışına limitlər qalmaqdadır. Bu da dollar alışına birbaşa təsir göstərir. İkincisi, manatın uzun müddət stabil qalması dollar yığımlarına tələbi azaldıb. Banklarda əhalinin 11 milyard 753 milyon manatlıq depozitinin 7 milyard 139 milyon manatı milli, 4 milyard 603 milyon manatı isə xarici valyutada saxlanılır.
Manatın məzənnəsinin dəyişməsinə gəldikdə isə Mərkəzi Bankın məzənnə siyasəti üçün manatın güclənməsi deyil, mövcud kursu qoruyub saxlamaq daha prioritet görsənir. Azərbaycanda hələlik üzən məzənnə siyasətinə keçilmədiyi üçün manatın kursuna Mərkəzi Bank intervensiya alətləri ilə birbaşa təsir edə bilir. Bu baxımdan mövcud məzənnə siyasəti manatın kursunun möhkəmlənməsini hədəfləmir. Qlobal bazarlardakı volatilliyi nəzərə alsaq, kursda istənilən dəyişikliyin orta və uzun müddətli dövrdə əsk təsirləri ola bilər. İndiki halda, Mərkəzi Bank üçün hədəf mövcud kursu qorumaq daha prioritet olaraq qalmaqdadır”.
Digər millət vəkili Rüfət Quliyev isə bildirib ki, bu məsələdə hər hansı ciddi dəyişikliklər gözləmək lazım deyil: "Çox güman ki, maliyyə sektorunda hansısa daxili proseslər gedir. Bu tendensiya davam etməyəcək. Əlbəttə ki, dollar satılmağa davam edəcək, sadəcə əvvəlki qədər dollara tələbatın həcmi azalır".
Deputatın sözlərinə görə, indi manat olduqca stabildir: "Manatın bu stabilliyi dəstəklənir. Hətta dövlət siyasəti dollarla manatın paritetliyini dəstəkləməsindən ibarətdir. Manat stabil valyuta olduğuna görə dollara çox böyük həcmdə ehtiyac yoxdur".
İqtisadçı-ekspert Samir Əliyev isə deyib ki, ilk dəfədir Mərkəzi Bankın valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib. Ondan əvvəlki hərracda satışın həcmi cəmisi 1,5 milyon dollar olub. Lakin 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası olub: “Belə ki, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52,7 milyon dollar satıldığı halda növbəti hərraclarda uyğun olaraq 51,2 milyon dollar, 35 milyon dollar, 18,7 milyon dollar, 1,5 milyon dollar olub və nəhayət, sonuncu hərracda tələbat olmayıb.
Heç hərraclarda bankların dollara yüksək tələbi olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1,6990 AZN məzənnəsi ilə dollar almağa üstünlük verirdi. Belə çıxır ki, banklara əhalidən dollar almaq sərf edir, nəinki Mərkəzi Bankdan. Halbuki əslində əksinə olmalıdır”.
Ekspert buna Rusiyadan dollar axını fonunda banklarda dollar bolluğunun olmasının və ya ilin əvvəli olduğundan büdcə icrasının ləngiməsi səbəbindən manat qıtlığının yaranmasının səbəb ola biləcəyini istisna etməyib.