Hər bir şəxs 800 dollarlıq telefonu ölkəyə gətirə bilər
Fevral ayının 15-dən etibarən xaricdən şəxsi istifadə üçün gətirdiyiniz smartfon telefonlara vergi hesablanacaq. Belə ki, qiyməti 300 dollardan baha olan mobil telefonların qeydiyyatı üçün cihazın qiymətinin 36 faiz hissəsinə vergi ödəməli olacaqsız. Əgər cihazı gömrükdə bəyan etməsəniz, həmin cihaz qeydiyyata alınmayacaq və onun ölkə ərazisində istifadəsi tamamilə məhdudlaşdırılacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xəbərdarlığında qeyd olunub ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq: “Artıq fiziki şəxslər tərəfindən səfər zamanı ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməli olacaq”.
Sözügedən bəyannamə tələbinin fiziki şəxslər tərəfindən xarici ölkələrdən mobil telefon gətirilməsinə mənfi təsir göstərəcəyini vurğulayan texnobloqer Fərid Pərdəşünasın sözlərinə görə, əsas zərbə müxtəlif yollarla ölkəyə smartfon idxal edib, daha ucuz qiymətə satan kiçik mağazalara dəyəcək: “Əslində bu günə qədər də bu hal mütləq idi, lakin yayınma halları çox idi. Hər kəs gömrükdə tək-tək yoxlanılmırdı. Fevral ayının 15-dən, əgər xaricdən gətirdiyiniz cihazı gömrükdə bəyan edib, rüsumlarını ödəməsiniz (burada artıq IMEI kod bəyan olunmalıdır), həmin cihazın ölkə daxilində IMEI qeydiyyatını həyata keçirə bilməyəcəksiniz. Bununla da qaçaq yolla daha ucuz qiymətə satılan smartfonların bazarına ciddi zərbə dəyəcək. Hazırda poçt göndərişləri limiti 300 dollardır. Lakin heç bir poçt daşıma şirkəti (yerli) smartfon gətirmir. Belə olan halda yalnız beynəlxalq daşıma şirkətləri bu prosesi həyata keçirə bilir. Bu halda isə onsuz da gömrüyə məhsul bəyan edilirdi. Burada heç bir dəyişiklik olmayacaq.
Əsas məsələ məhsulu özünüz xaricdən alıb-gətirəndə başlayır. Qanuna görə, hər bir şəxs 800 dollar dəyərində məhsulu özü ilə ölkəyə rüsumsuz gətirə bilər. Məsələn, siz 1000 dollara Amerikadan "iPhone 14" alıb, ölkəyə gətirirsinizsə, bu zaman onun IMEI kodunu gömrükdə bəyan etməlisiniz. Və həmin məbləğdən 800 dollar azaldılacaq. Yerdə qalan 200 dollar üçün 36 faiz rüsum ödəniləcək. Yəni rəsmiləşmə üçün 72 dollar ödəniləcək. Əlavə olaraq istifadə üçün IMEI qeydiyyat rüsumu da 1 ay müddətinə ödənilməli olacaq”.