Güzəştlərin ləğvindən sonra insanlar vəsaitlərini daha çox daşınmaz əmlaka yönəldəcəklər
2023-cü il fevralın 1-dən, yəni gələn aydan əhalinin banklarda yerləşdirdiyi əmanətlər üzrə faizlərdən gəlir vergisinin tutulmasına qoyulan moratoriumun vaxtı bitir. Əmanətçilər və bank rəhbərliyi verginin tutulmasına qoyulan qadağa müddətinin uzadılmasını istəyir. Vergi mütəxəssisləri isə müəyyən həcmdə yuxarı olan depozitlər üzrə faizlərdən gəlir vergisinin tutulmasının tərəfdarıdır.
İqtisadçı-ekspertlər də sözügedən qərarın əmanət bazarında, ümumilikdə bank sektorunda gərginlik yaradacağını düşünürlər. Ehtimala görə, bir tərəfdən istehlak kreditləşməsinin məhdudlaşdırılması bankların gəlirini azaldacaq, digər tərəfdən vergi tətbiqinə görə əmanətlərin azalması onları əsas mənbədən məhrum edəcək. Bank sektorunun çətinə düşməsi ölkə iqtisadiyyatına mənfi təsiri göstərə bilər.
İqtisadçı-ekspert Eldəniz Əmirov isə hesab edir ki, güzəşt uzadılmasa, depozitlər azalar və əvəzində daşınmaz əmlak bazarında bahalaşma ola bilər. Bu barədə “Şərq”ə açıqlama verən iqtisadçı deyib ki, vaxtı bitən vergi güzəştinin olduğu maddə (102.1.22) bir az uzundur. Həm o, emitet, dividend, diskont kimi sadə vətəndaşın anlamayacağı terminlərlə zəngindir. Ona görə də bunu sadə insanların anlayacağı dildə ifadə etsək, bu maddəyə görə, insanların banklara qoyduqları depozitlərdən əldə etdiyi illik faiz gəlirləri 7 il müddətinə vergidən azad edilirdi.
Bu güzəşt 2016-ci ildə qəbul edilib. Səbəb isə həmin il bir çox güzəştlərin edilməsinə zərurət yaradan devalvasiya idi: “ 2015-ci ildə olan devalvasiyanın iqtisadiyyata dağıdıcı təsirini azaltmaq üçün bir sıra tədbirlər görüldü ki, bunlardan da biri depozitlərdən gələn faiz gəlirlərinin vergidən azad edilməsi oldu. Amma bunun da bu gün vaxtı bitir. Sözügedən güzəşt insanların banklara depozit yatırmasının həcmini artırdı. Yeddi il ərzində fiziki şəxslərin 8,8 milyard manat əmanəti 33 faizdən çox artaraq 11,7 milyard manata qalxdı.
Bu güzəştin bitməsi geri effektlər yarada bilər, əmanət həcmlərinin azalmasına gətirib çıxara bilər. Bankların təqdim etdiyi depozit faizlərini onsuz da inflyasiya yeyir. Digər tərəfdən də güzəştin aradan qalxması ilə insanların öz əmanətlərini daşınmaz əmlaka yönəldəcəkləri daha real görünür. Çünki bankların təklif etdiyi faizlər qarşılığında inflyasiya + vergi daşınmaz əmlakı daha səmərəli yatırım istinadına çevirir. Bu isə tələbin artması fonunda daşınmaz əmlak bazarında qiymət artımlarını mart-aprel aylarına doğru hiss etdirməyə başlayacaq”.