Ekspert hesab edir ki, bunun əsas səbəbi inamsızlıqla bağlıdır
“Əslində vəsaitlərin plastik kartlarda saxlanması təhlükəsizlik baxımından daha əlverişlidir”
Azərbaycanda nağdsız ödənişlərin həcmi sürətlə artır. İnsanlar arasında təmasların azalması məcburiyyəti, həm müasir İKT və bank hesablaşmaları sisteminin təkmilləşdirilməsi, həm də dövlətin nağdsız hesablaşmaların artmasında maraqlı olması və bu prosesi dəstəkləməsi, stimullaşdırmasıdır. Belə ki, nağdsız ödənişlərin genişləndirilməsi üçün dövlət orqanları və bank sistemi tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir. Məsələn, Dövlət Vergi Xidmətinin “ƏDV geri al” layihəsi çərçivəsində nağd ödəniş edənlər 5 faiz, nağdsız ödəniş edən istehlakçılar isə ödədikləri verginin 17,5 faizini geri alırlar. Banklar nağdsız ödəniş edənlər üçün vəsaitin müəyyən hissəsini bonus olaraq istehlakçılara geri qaytarırlar. Artıq insanlar da elektron ticarət və nağdsız ödənişlərin üstünlüklərini əyani şəkildə görür, vaxt itkisi və əlavə prosedurların olmaması, ödəmənin asanlılığı baxımından nə qədər əlverişli olduğunu başa düşür. Belə ki, kartla ödəniş zamanı vəsaitin xərclənməsini izləmək, onu geri qaytarmaq və ödənişi ləğv etmək mümkündür. Lakin hələ də bəzi insanlar pulları kart hesabında saxlamağa etibar etmir, maaş gələn kimi nağdlaşdırmağa üstünlük verir.
Millət vəkili Vüqar Bayramovun “Şərq”ə açıqlamasına görə, nağdsız ödənişlərin inkişaf strategiyası 2026-cı ilədək davam etdiriləcək. Yeni strateji yanaşma nağdsız ödənişlərin inkişafı üçün əlavə stimul yaradacaq:
“Rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərib. İnternet bankçılıq, mobil bankçılıq artıb. Bundan başqa, elektron kommersiya böyüyüb. Rəqəmsallaşmanın yeni mərhələsi maliyyə ehtiyatlarını da artırır. Mərkəzi Bank (MB) həmçinin vətəndaşlarımızın nağdsız ödənişlərinin təmin olunması üçün bir sıra proqramlar reallaşdırıb. Nağdsız ödənişlərin əhatəsinin genişləndirilməsi maliyyə əməliyyatlarının şəffaf və sürətli aparılmasına imkan verir. Digər tərəfdən isə nağdsız ödənişlərin (bank kartları və ya virtual hesablaşmaların digər üsulları olmasından asılı olmayaraq) əsas üstünlüklərindən biri onların tətbiq edilməsinin rahat olmasıdır. Plastik kartlar və digər nağdsız ödəniş vasitələri ilə həm ölkə daxilində, həm də xaricdə alış-veriş üçün ödəniş imkanı olur.
Bu istiqamətdə həyata keçiriləcək tədbirlər, eyni zamanda elektron ödəniş alətlərindən istifadənin kütləviləşməsinə və yeni innovativ ödəniş həllərinin tətbiqinə əlverişli zəmin yaradacaq”.
Millət vəkilinin sözlərinə görə, vətəndaşların pullarını plastik kartlarda saxlamaq istəməməsinin bir sıra səbəbləri var:
“Səbəb inamsızlıqla bağlıdır. Əslində vəsaitlərin plastik kartlarda saxlanması təhlükəsizlik baxımından daha əlverişlidir. Düşünürəm ki, plastik kartlarla ödəniş imkanlarının məhdudluğu da əhalinin maaş və pensiyaları kartdan çəkməsinə şərait yaradan amillərdəndir. Vətəndaş bilsə ki, kartla hər yerdə rahatlıqla ödəniş edə biləcək, o zaman vəsaitini kartdan çəkməz”.
V.Bayramov bildirib ki, bir sıra banklar əməkhaqqı kartlarındakı vəsaitlərin əmanət kimi saxlanması ilə bağlı kampaniyalar keçirirlər:
“Bu zaman kart sahibinə saxlanan vəsaitin həcminə uyğun faiz ödənilir. Amma bu, geniş yayılmayıb. Buna görə də düşünürəm ki, əsas diqqət müvafiq infrastrukturun yaradılması, əhali arasında maarifləndirmə və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə yönəldilməlidir”.