Fərhad Mehdiyev: “Düşünün, Çin vətəndaşı bank hesabı açdırmaq üçün iş-gücünü atıb Azərbaycana gəlməlidir”
“Mənasız və zərərli məhdudiyyətlər tezliklə ləğv olunmalıdır”
“Notarial hərəkətlərin aparılmasında biznes üçün çətinlik yaradan məqamlar olur. Bu məqamlardan biri də qeyri-rezident xarici vətəndaşların təsisçi kimi çıxış etdikləri şirkətin qurulmasıdır. Bank hesabının açılmasında imza təsdiqi tələb olunur”.
Bu sözləri Fərhad Mehdiyev deyib. Professor qeyd edib ki, şirkətin qeydiyyatdan keçirilməsi prosesi rahatdır, amma bank hesabı açılması məsələsində əldə etibarnamə olmasına rəğmən həm bank (Bank Respublika), həm də notarius deyir ki, adam qeyri-rezident olduğuna görə bura özü şəxsən gəlməlidir ki, imzasını təsdiq edək və bunsuz da hesab açıla bilməyəcək: “Düşünün, Çin vətəndaşı bank hesabı açdırmaq üçün iş-gücünü atıb Azərbaycana gəlməlidir. Halbuki bir dəfə gəlib etibarnamə verib gedib. Görünür, etibarnamənin nə olduğunu, nə işə yaradığını bizdə yaxşı başa düşmürlər. Nümayəndə vasitəsilə verilən sərəncamlara məhdudiyyət və nəzarət gətirmək olar, amma o hallarda ki məsələ şəxsiyyət hüquqlarına aid olsun və yaxud da etibarnamə verənin iradə sərbəstliyi barəsində sual yaransın. Qeyri-rezidentlər xaricdə oturub biznesini idarə etmək istəyir. Bunun üçün kiməsə etibarnamə verir. İndi biz xarici investor üçün münbit şərait yaratmaq istəyirik, ya yox? Ümid edirəm, bu cür mənasız və zərərli məhdudiyyətlər tezliklə ləğv olunar”.