Avropada yaşayan iş adamı Qarabağa sərmayə qoyur
Millət vəkili Almaniyada yaşayan azərbaycanlı iş adamının layihəsinin təqdirəlayiq və örnək bir davranış olduğunu deyib
Polşa və Almaniyada fəaliyyət göstərən "Sevara Group" Şirkəti tərəfindən işğaldan azad edilmiş Laçında, Həkəri çayı sahilində “CamperPark Həkəri” adlı ekoparkın-düşərgənin salınması ilə bağlı layihə Azərbaycan hökumətinə artıq təqdim edilib.
Bu barədə "İnterpress.az"a Almaniyada yaşayan azərbaycanlı iş adamı, əslən Laçından olan Rəşad Quliyev deyib.
Bildirib ki, burada əsas məqsəd Zəngəzur və Qarabağın tarixini, füsunkar flora və faunasını dünyaya tanıtmaqdır: “Bununla bağlı aidiyyəti üzrə nazirliklərə müraciət edərək, gələcəkdə qarşılıqlı əməkdaşlıq barəsində müzakirələr aparılır və artıq tərəfimizdən aparılan işlərimiz təqdirəlayiq görülür.
Diaspora Komitəsi ilə əməkdaşlıq edərək, gələcəkdə xarici qonaqların Azərbaycana gəlişi zamanı onların Laçına səfər etmələri və müəyyən tədbirlərin də məhz burada keçirilməsi nəzərdə tutulur.
Habelə Elm və Təhsil, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq ediləcək. Layihəmizə əsasən şagird və ya tələbələrin də asudə vaxtlarında düşərgəmizdə həm istirahət edə bilməsi, həm də təhsillərini davam etdirə bilməsi üçün dövlət tərəfindən müəyyən göndərişlərin verilməsi üçün müvafiq təkliflər paketi hazırlanıb Elm və Təhsil Nazirliyinə təqdim ediləcək”.
O bildirib ki, bununla da "CamperPark" Cənubi Qafqazda ilk dəfə məhz Laçında yaradılan bir layihə olacaq: “Vaxtı ilə Ukraynada ARTEK adı ilə məşhur olan düşərgə kimi bizim düşərgə də ilin bütün fəsli fəaliyyət göstərəcək.
Ərazidəki bütün tikililər mobil olacaq. Yəni təkər üzərində daşına bilən. Məhz buna görə də xüsusi bir tikinti işləri nəzərdə tutulmur.
Turistlər istər bizim karavanlarda (Campervan) gecələyə bilər, istərsə də öz karavanı ilə gələrək ərazidə qısa və ya uzun müddətli qalmaq üçün müvafiq yer seçimi edə biləcəklər.
Həmçinin fərqli ölçülərdə çadır düşərgəsinin də salınması nəzərdə tutulur. 4 təkərli dağ relyefinə uyğun kiçik mopedlərlə Hoçaz dağı / qayası boyunca ətraf ucqar kəndləri gəzmək, şəlalələri, bulaqları, mağaraları seyr etmək və tanımaq şansınız olacaq. Laçın turlarımız həmçinin Almaniyada bütün Avropa əhalisi üçün reklam ediləcək. Bununla da ölkəmizdə turist sayının artmasının şahidi olacağıq”.
İş adamı qeyd edib ki, gələcəkdə festivalların da keçirilməsi nəzərdə tutulur ki, bu da öz növbəsində Respublikamızı tanıtmaqda böyük rol oynayacaq: “Əziz laçınlılar, Laçın tamamilə yenidən qurulur. Ölkə Prezidentinin uğurlu daxili və xarici siyasəti, uzaqgörənliyi, həmçinin şəhid və qazi qardaşlarımızın göstərdikləri rəşadətlə biz artıq Laçınımıza qayıdırıq. Laçında hazırda güclü tikinti, quruculuq və bərpa işləri gedir. Laçın əvvəlki Laçın deyil.
Bütün kommunikasiya sıfırdan qurulub. Güclü optik internet xətti belə var. Və düşünürəm ki, hər bir laçınlı öz rayonu, şəhəri, kəndi üçün nələrsə etməlidir. Adıçəkilən şirkətin sahibi mənəm və Almaniyada yaşayıram. Amma artıq ailəmlə bərabər Laçına köçməyi planlaşdırıram. Avropadan birbaşa Laçına. Və bu proyektimlə, var gücümlə Laçını dünyada tanıtmaq üçün çalışıram.
Gəlin əl-ələ verək və gözəl layihələrə dəstək olaraq, yeni iş yerlərinin açılması və Laçınımızın gözəlləşməsi üçün əlimizdən gələni əsirgəməyək”.
Millət vəkili Elman Məmmədov isə “Şərq”ə açıqlamasında Almaniyada yaşayan azərbaycanlı iş adamının bu layihəsinin təqdirəlayiq və örnək bir davranış olduğunu deyib. Deputatın fikrincə, xaricdə yaşayan imkanlı iş adamlarının da Qarabağın bərpasına investisiya qoyması əhəmiyyətlidir: “Unutmamalıyıq ki, Qarabağı öz daxili imkanlarımız hesabına bərpa edirik. Dünyada yaşayan diaspor fəalları, tanınmış iş adamları bu prosesə öz töhfələrini verməlidirlər.
Sevindirici haldır ki, xaricdə yaşayan soydaşlarımız, iş adamları Qarabağın quruculuğu prosesində iştirak etmək istəklərini hər fürsətdə ifadə edirlər. Bu gün hər kəsin ən böyük arzusu Qarabağın dirçəlməsi prosesinə töhfə verməkdir. Qarabağda müasir şəhərsalma, 4-cü sənaye inqilabının çağırışlarına uyğun yanaşma və ən əsası yeni idarəetmə modeli ilə smart region yanaşması tətbiq edilir ki, bu da xarici investorların bölgəyə marağını daha da artırır. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bölgə üçün geniş perspektivlər vəd edir”.
E.Məmmədovun sözlərinə görə, kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək. Laçında bu imkanlardan istifadə edərək turizm obyektlərinin yaradılmasına nail olmaq olar. Əgər müasir tələblərə uyğun şəkildə qura bilsək, Laçın turistik bir zonaya çevrilər. Bu ərazilər həmçinin qış turizmi üçün də yararlıdır”.