Bu dəyişiklik turizm siyasətinin daha çevik və səmərəli icrasına müsbət təsir edəcək
Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanda Dövlət Turizm Agentliyinin 8 regional turizm idarələrinin yaradılması öz əksini tapıb.
Sözügedən Fərmanı şərh edən turizm eksperti Ceyhun Aşırov “Şərq”ə açıqlamasında deyib ki, Dövlət Turizm Agentliyinin tabeçiliyində Bakı-Abşeron, Gəncə, Şəki, Lənkəran, Mingəçevir, Quba, Qarabağ və İsmayıllı Regional Turizm idarələrinin yaradılması Agentliyin strukturunun təkmilləşdirilməsi və görülən işlərin səmərəliliyinin təşkili baxımından əhəmiyyətli bir qərardır:
““Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman 2018-ci il 21 sentyabr tarixində imzalanıb. İndi isə həmin Fərmana dəyişiklik edilib.
Ümumiyyətlə, son illərdə ölkəmizdə turizmin inkişafı ilə bağlı genişmiqyaslı işlərin görülməsi, böyükhəcmli layihələrin həyata keçirilməsi, Azərbaycanın ayrı-ayrı bölgələrində müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb.
Bu dəyişiklik də eyni zamanda Agentliyin turizm siyasətinin daha çevik və səmərəli icrasına müsbət təsir edəcək. Bilirsiniz ki, Fərmanda Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddinin də cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilib.
Bu da yerlərdə turizm əlaqəli keçirilən tədbirlərin sayının artması, turizm təşviqinin artırılması, turizm əhəmiyyətli obyektlərin tanıdılması, turizm potensialının müəyyən edilməsi və keçirilən tədbirlərdə digər dövlət orqanları ilə genişmiqyaslı əlaqələrin qurulmasına xidmət edəcək. Bu isə ölkədə həyata keçirilən turizm siyasətinin daha da çevikləşməsinə xidmət edəcək.
Regionlarda turizmin təşviqi yönündə hərtərəfli işlərin görülməsi isə ölkəmizə daha çox turistin gəlməsinə şərait yaradacaq”.