Ən böyük problem zəlzələnin qış aylarında baş verməsidir



Su, dərman çatışmamazlığı epidemiya riskini artırıb

  Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ Türkiyənin 10 şəhərində böyük dağıntılara səbəb olub. Zəlzələdən sonra yol kənarlarında yığılan zibil, içməli su çatışmazlığı və bundan  qaynaqlanan gigiyena məsələləri ən böyük problemlər sırasındadır.
Belə ki, 2005-ci ildə Pakistanda baş verən 7,6 bal gücündə zəlzələdən sonra ishal halları 42 faiz artıb. 2011-ci ildə Yaponiyada baş verən 9 bal gücündə zəlzələdən sonra qrip və norovirus epidemiyaları aşkar edilib.
Bu səbəbdən mütəxəssislər zəlzələdən zərər çəkən şəhərlərdə  epidemiya riski ilə bağlı xəbərdarlıq edir. Mütəxəssislər xəbərdarlıq edib ki, böyük fəlakətlərdən sonra qidalanma, gigiyena və təmiz içməli su çatışmazlığı epidemiyaya yol aça bilər.
  Türkiyənin Səhiyyə Nazirliyi xüsusilə qida ilə keçə biləcək xəstəliklərin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb: “Təhlükəsiz su için və istifadə edin, əllərinizi tez-tez yuyun, təhlükəsiz qidalar yeyin: qaynadın, bişirin, qabığını soyun və ya atın, təhlükəsiz təmizləməyə əhəmiyyət verin, daşqınların sularından və ya çirklənmiş gölməçələrdən qaçın”.
  Səhiyyə naziri Fahrettin Koca infeksiya riskinə qarşı bir sıra tədbirlərin görüldüyünü açıqlayıb: "Zəlzələdən sonra yarana biləcək infeksiyalara qarşı lazımi tədbirlər görülür. Bölgəyə quduzluq və tetenoz peyvəndi göndərilib. Xalq sağlamlığı ocaqlarında gigiyena ləvazimatları verilir".
  Türkiyəli professor Esin Davudoğlu Şenol isə Türkiyə KİV-inə deyib ki, zəlzələdən sonra gigiyenik qaydalara riayət edilməməsi ölüm sayını artıra bilər. Zəlzələ qurbanlarının üzləşdiyi ağır şərtlər vəba, dizenteriya, qızdırma kimi epidemiyalara, hətta COVİD-19 və digər virus infeksiyalarına səbəb ola bilər: “Zəlzələdən sonra gigiyenik qaydalara riayət edilməməsi hipotermiya (insan bədənində temperaturun aşağı düşməsi nəticəsində yaranan simptom), maye çatışmazlığı kimi risklərə də yol aça bilər”.
  Professorun sözlərinə görə, qaz və zəhərli maddələrin sızması, kanalizasiyanın torpağa qarışması bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Bu səbəbdən ölüm sayının arta biləcəyi barədə xəbərdarlıq edən Şenol bölgədə yardım dəhlizlərinin açılması və gigiyena tədbirlərinin artırılmasının vacibliyini vurğulayıb.
  İnfeksionist Könül Ağayeva  isə açıqlamasında deyib ki,  zəlzələ bölgəsində yaşanan problemlər həm sağlamlığa, həm də psixologiyaya təsir edə bilər. Zəlzələ bölgəsində su, dərman və gigiyena probleminin epidemiya riski yaratdığı vurğulanır. Bu da əsassız deyil.  Qrip və pnevmoniya kimi xəstəliklərin riski artdıqca, su tapa bilməyən insanlar gigiyenik qaydalara uyğun olmayan şəbəkə suyu içməli olurlar ki, bu da dizenteriya riskinə səbəb ola bilər. 
  Zəlzələnin qış aylarında baş verməsi tənəffüs yollarının infeksiyalarının da kütləvi hal almasına səbəb ola bilər: “Qışdır. İnsanlar sıx və qapalı mühitlərdə bir araya gəlirlər. Bu, oradakı insanlar yaxın təmasda olacağı üçün infeksiyanın ötürülməsini artırır.  Pandemiyadan təzəcə çıxırıq, ondan tam qurtula bilmədik. Belə şəraitdə maska taxmaq çox vacibdir. Yenə asqırarkən və öskürəndə salfet kağızından istifadə edilməlidir. Yoxdursa, heç olmasa, ağzı qolla bağlayıb öskürmək lazımdır”.