Artıq ekoloji vəziyyət elə bir həddə gəlib çatıb ki, insanlıq, bəşəriyyət məcburdur ki, bu sistemə keçsin
2023-cü ilin yanvar ayında Azərbaycana 102 milyon 620,56 min ABŞ dolları dəyərində 6 881 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
“Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 50,44 faiz və 21,04 faiz çoxdur.
Bu avtomobillərin 119-u (4 milyon 937,88 min ABŞ dolları dəyərində) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bu isə ölkəyə idxal olunan elektromobilin 9,2 dəfə artması deməkdir.
Ekspert Eldəniz Cəfərovun sözlərinə görə, son dövrlər inkişaf etmiş ölkələrdə, eləcə də dünyanın bütün ölkələrində elektrikli və hibrid tipli avtomobillərə keçid edilir. Artıq ekoloji vəziyyət elə bir həddə gəlib çatıb ki, insanlıq, bəşəriyyət məcburdur ki, bu sistemə keçsin:
“Son zamanlar Azərbaycana yeni, ekoloji cəhətdən təmiz avtomobillərin idxalının stimullaşdırılması ilə bağlı çox güzəştlər edilib. Ötən il ekoloji təmiz avtomobil sektoru ilə bağlı 2 dəfə güzəşt tətbiq edilməsi ölkəmizdə bu sahənin inkişafı ilə bağlı ciddi addımlar atıldığını göstərir. Bu da elektromobillərin Azərbaycanda təşviqi istiqamətində aparılan uğurlu işlərin tərkib hissəsi, avtomobil parkının yenilənməsi istiqamətində atılan ən mühüm addımlardandır. Elektromobillərin sayının artmasının stimullaşdırılması, ilk növbədə ətraf mühitin mühafizəsi ilə bağlıdır”.