AZAL güzəştli biletlərin tətbiqi ilə bağlı təklifləri dəyərləndirmir
Türkiyənin Malatya şəhərində baş verən zəlzələdə dağıntılar altında qalan 4 azərbaycanlı tələbə həlak olub. Uzunmüddətli axtarışlardan sonra dağılan binanın altından cansız bədənləri çıxarılan İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin nəşi vətənə gətirilərək doğulduqları rayonlarda dəfn olunub.
Yaxınlarının açıqlamasına görə, zəlzələdən hələ iki həftə əvvəl Türkiyə universitetlərində tətil olduğuna baxmayaraq, tələbələrimiz 15 günlük tətili Türkiyədə qalmalı olublar. Belə ki, gediş-gəliş biletlərinin xeyli baha olması səbəbindən onlar vətənə qayıda bilməyib. Bəlkə də zamanında AZAL tələbələr üçün güzəşt edib bilet qiymətlərini ucuzlaşdırsaydı, həmin günlərdə öz valideynlərinin yanında olan tələbələr zəlzələ qurbanı olmazdılar.
Qeyd edək ki, xaricdə oxuyan tələbələrin biletlərin baha olması səbəbindən ölkəyə qayıda bilməməsi uzun müddətdir gündəmdə olan məsələdir. Pandemiya səbəbindən quru sərhədləri bağlı olduğu üçün xarici ölkələrə gediş-gəliş sadəcə hava nəqliyyatı ilə həyata keçirilir. İctimaiyyət üzvlərinin, valideynlərin çoxsaylı təkliflərinə rəğmən AZAL xaricdə oxuyan tələbələrə yol xərcində güzəşt etməyib.
Qeyd edək ki, dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrin yol xərcini dövlət ödəyir. Amma bütün tələbələr xaricdə dövlət proqramı ilə təhsil almır axı.
Sosioloq İlqar Hüseynlinin sözlərinə görə, dünyanın bir çox ölkələrində öz hesabına xaricdə təhsil alan tələbələrə də yol xərcində güzəştlər tətbiq edilir.
AZAL-ın qiymətlərindən ciddi narazılıqlar olduğunu vurğulayan sosioloqun fikrincə, dövlətin pulu hesabına mövcud olan AZAL-ın aviabiletləri bu qədər bahalaşdırması yolverilməzdir. “Bu çox aktual bir məsələdir. İllərdir bu barədə öz təklif və tələblərimizi irəli sürürük. AZAL isə heç bir təklifə müsbət yanaşmır və ölkə vətəndaşlarına qarşı saymaz münasibət sərgiləyir. Halbuki xalqın pulu ilə idarə olunan bir şirkətin haqqı yoxdur ki, bu cür bahalaşmaya getsin. Faktiki olaraq hər il dövlət büdcəsindən onlara külli miqdarda vəsait ayrılır. Sərhədlər açıq olanda tələbələr nisbətən ucuz qiymətə Rusiyaya, Ukraynaya, Türkiyəyə, Gürcüstana gedib-gəlirdi. Quru yolları bağlanandan sonra əvvəllər inhisarçılıqla məşğul olan AZAL fürsətdən istifadə edib soyğunçuluğa başladı . Dəfələrlə, AZAL-a güzəştli biletlərin tətbiqi ilə bağlı müraciət etmişik, təkliflər irəli sürmüşük. Hətta əsaslandırma da etmişik ki, AZAL üçün bu güzəştləri tətbiq etmək çətin deyil, lakin bir nəticə yoxdur”.