Avtomobil bazarında durum stabildir


Ancaq ikinci əl maşınların qiymətində qismən ucuzlaşma müşahidə olunur

  Ölkədə istehsal, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində bahalaşma davam edir. Bu özünü həm yerli istehsal, həm də idxal məhsullarında göstərir.
  Həyat üçün əhəmiyyətli sayılan ərzaq məhsulları, dərman preparatları, ictimai nəqliyyat, kommunal xidmətlər, tikinti materiallarının qiymətində ciddi artımlar var. Hətta ekspertlər daşınmaz əmlak bazarında belə kifayət qədər bahalaşma müşahidə edir.
  Maşın bazarındakı mövcud vəziyyəti dəyərləndirən nəqliyyat eksperti Eldəniz Cəfərov isə durumun stabil olduğunu deyib. Onun sözlərinə görə, yanvar ayının birinci həftəsindən etibarən ölkəyə idxal olunan yeni avtomobillərin qiyməti 5 faiz artıb. Bu da bizim daxili avtomobil bazarı və ya iqtisadiyyatımızla bağlı deyil. Dünyanın aparıcı avtomobil istehsalçılarının ehtiyat hissələrinin çatışmazlığı və daşıma şirkətlərinin qiymətlərinin artırılması səbəbilə həmin əmtəənin qiyməti 5 faiz civarında yüksəlib”.
  İkinci əl avtomobil bazarına gəldikdə isə E.Cəfərov qiymətlərdə bir xeyli azalma olduğunu deyib. Onun sözlərinə görə, mühərrik həcmi 3 000 kubsantimetr və daha yüksək olan avtomobillərin qiymətində 5-10 faiz azalma müşahidə edilir. Bunu da ötən il ərzində bizim ölkədə "Aİ-95" markalı benzinin qiymətinin artması və icbari sığorta tariflərinin yüksəlməsi ilə əlaqələndirmək olar: “Onu da deyim ki, ölkəyə idxal olunan yeni avtomobillərin sayında azalma var. Bu da Rusiyadan avtomobil idxalının dayandırılması ilə əlaqədardır. Demək olar ki, son illər mühərrik həcmi 2 000 kubsantimetrə qədər olan Rusiya istehsalı olan avtomobillərin ölkəmizə idxalı dayanıb. Bu da Rusiyada olan iqtisadi vəziyyətlə bağlıdır. Sanksiyalara görə, Rusiyanın avtomobil sənayesinə lazım olan ehtiyat hissələrinin çatışmazılığı ucbatından Rusiya artıq bugünkü Avropa standartlarına cavab verən minik avtomobilləri istehsal edə bilmir. Bu avtomobillərin yerini artıq yerli bazarda Çin istehsalı olan avtomobillər tutur”.
  Ekspert həmçinin onu da əlavə edib ki, avtomobil bazarında alıcılar daha çox yeni hibrid krossoverlərə üstünlük verirlər. Artıq  vətəndaşların maraq göstərdikləri avtomobillər əsasən ekoloji təmiz nəqliyyat vasitələridir: “Çünki bu avtomobillər dövlət rüsumundan azad edilib. Vətəndaşlar onu aldıqları qiymətə ölkəyə gətirə bilirlər.