Zəlzələ bölgəsində çoxmərtəbəli binaların tikintisinə qadağa qoyulmalıdır
"Sahibkar ya xərclərini gözə alıb izolyasiyalı binalar tikməlidir, ya da mərtəbələrin sayını azaltmalıdır"
Türkiyənin zəlzələ bölgəsində bərpa və yenidənqurma işlərinə gələn ay başlanılacaq. Bir həftə ərzində isə zəlzələnin təsirinə məruz qalmış 10 vilayətdə zərərin qiymətləndirilməsi işləri tamamlanacaq.
“Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum binaların inşasına mart ayında başlamağı planlaşdırdıqlarını qeyd edib: ”Binalar 3-4 mərtəbədən çox olmayacaq”.
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə hesab edir ki, Türkiyədə zəlzələ baş vermiş ərazilərdə yenidənqurma və tikinti işlərinin aparılması gələcək nəsilləri yeni bir fəlakətlə üz-üzə qoya bilər. Onun sözlərinə görə, ərazilərin dağıntılardan təmizlənməsi, yeni yolların çəkilməsi, infrastrukturların qurulması uzunmüddətli prosesdir. Bu müddət isə Türkiyə hökumətinin həmin ərazilərin yenidən qurulması ilə bağlı xalqa verdiyi 1 illik vədlə üst-üstə düşmür: “Ölkəmizdə köhnə binaların sökülərək yeni binalarla əvəzlənmə prosesinə nəzər salsaq, təcrübədə bu proses təqribi 2,5 - 3 il müddətə başa gəlir. Binanın sökülməsi, ərazinin təmizlənməsi, tikintidə bünövrənin qazılması, betonlanması və betonun quruması, əlavə olaraq hər mərtəbədə verilən betonun quruması, ara divarların hörülməsi, suvanması və mənzillərin daxili təmiri bəlli bir zamana başa gəlir. Təbii ki, bu proses zamanından tez, yəni beton hissələr qurumadan baş verərsə, o zaman tikinti bitdikdən sonra çökmələrin olması qaçılmazdır. Başqa bir tərəfdən isə sosial şəbəkələrdə zəlzələdən əvvəl də həmin ərazilərdə yaşayan sakinlərin paylaşımlarından açıq şəkildə bəlli olur ki, o ərazilərdə mütəmadi olaraq zamanla kiçik ballıq zəlzələlər baş verirmiş. Yəni həmin ərazilər seysmik zona olaraq zəlzələyə meyillidir. Düşünürəm ki, sözügedən bölgədə yenidənqurma işlərinin aparılması qadağan olunmalı və o yaşayış massivləri zəlzələyə meyilli olmayan digər ərazilərdə tikilməlidir. Bu həm tikinti işlərinin sürətləndirilməsinə gətirib çıxarar, həm də gələcəkdə həmin ərazilərdə yenidən zəlzələ baş verərsə, dövlət, o cümlədən də vətəndaşlar tələfat və dağıntılardan qorunmuş olar”.
Memar Cahid Həsənov “Şərq”ə açıqlamasında deyib ki, hansısa bir ərazinin seysmik zona olması orada yaşayış məntəqəsi salınması, binalar tikilməsi üçün əks göstəriş deyil:
“Əsas məsələ zəlzələ təhlükəli zonalarda yaradılacaq bina və qurğuların seysmik dağılma riskini azaltmaqdadır. Birmənalı olaraq seysmik aktiv bölgələrdə yenidənqurma işlərinə qadağa qoymaq, həmin əraziləri torpaq sahəsi kimi saxlamaq, plantasiyaya çevirmək düzgün deyil. Zəlzələnin gücünə və müddətinə rəğmən hələ də Kahramanmaraşda, Hatayda və digər bölgələrdə dağılmayan, hətta bir şüşəsi belə sınmayan binalar var. Deməli, tikinti zamanı binanın konstruksiyasının dayanıqlılığına nəzarət mexanizmi düzgün qurulduqda dağıntı riski minimuma enir. Əgər həmin ərazilərdə güclü təkanlar hələ də davam edirsə, orada çoxmərtəbəli binaların tikintisinə qadağa qoyulmalıdır.
Seysmik aktiv torpaqlarda 14-19 mərtəbəli binalar tikmək risklidir. Ya bu binalarda güclü zəlzələyə davamlılıq üçün lazım olan bütün parametrlər ödənilməlidir, ya da 3-4 mərtəbəli binalar, birmərtəbəli həyət evləri, ticarət mərkəzləri, orta məktəb, uşaq bağçaları tikə bilərlər.
Zəlzələyə davamlı çoxmərtəbəli binaların tikintisi baha başa gəldiyi üçün bu, sahibkarların büdcəsinə uyğun gəlmir. Hansısa sahibkarı mütləq şəkildə 10 ballıq zəlzələyə davamlı bina tikməyə məcbur etmək doğru deyil. Sadəcə, burada əhalinin alıcılıq qabiliyyəti əsas götürülür.
Sahibkar ya xərclərini gözə alıb izolyasiyalı binalar tikməlidir, ya da mərtəbələrin sayını azaltmalıdır. Çünki 4-5 bal gücündə zəlzələyə hesablanan çoxmərtəbəli binalardan heç kim ev almayacaq”.