Turizmlə bağlı ölkədə müəyyən işlər görülməlidir


Müştərilərə qonşu ölkələrdən fərqli, sərfəli təkliflər verilməlidir


  Dövlət Turizm Agentliyi 2026-cı ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayını 4 milyona çatdırmağı hədəfləyir.
Bunu Agentliyin sədri Fuad Nağıyev "Bakı Ekspo" Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin (“AITF 2023”) açılış mərasimində bildirib.
  Bundan başqa, onun sözlərinə görə, yaxın 3 ildə yerli turistlərin illik sayının isə 6 milyona çatdırılması nəzərdə tutulur.

“Azərbaycanda turizmin inkişafı üçün böyük potensial var və bu məsələ bizim üçün prioritetdir. Hazırda əsas məqsədimiz koronavirus (COVID-19) pandemiyasından əvvəlki rəqəmi bərpa etmək, daha böyük inkişafa nail olmaqdır. Ötən il Azərbaycana 1,6 milyon turist səfər edib. Bu da 2019-cu ilin göstəricisinin 50 faizi deməkdir”, - deyə F.Nağıyev qeyd edib.

  Sədr həmçinin deyib ki, 2026-cı ildə turizm və ictimai iaşə sektorunda ümumi daxili məhsul (ÜDM) istehsalının 2019-cu illə müqayisədə 1,5 dəfə artacağı, bu sahədə ildə 20 faiz artım olacağı gözlənilir.
Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən iqtisadçı-ekspert  Fuad İbrahimov bildirib ki, bu proqnozlaşdırılanları həyata keçirmək üçün şüarlı çıxışlar yetərli deyil. Bunun üçün müəyyən işlər görülməlidir: "Proqnozlaşdırmaq işin asan tərəfidir, çünki ölkəmizin maddi-texniki təchizat bazası yetərli qədərdir. İnfrastruktumuz, aeroportumuz, hotellərimiz lazımi dərəcədə və səviyyədədir. Bunun icra mexanizmini hərəkətə gətirmək lazımdır. Ölkəyə gələn turistlər üçün şərait yaradılmalıdır. Onların rahatlıqla Azərbaycana gəlmələrini təmin etməliyik".
  Ekspert qeyd edib ki, turizmin inkişafı, ölkəyə gələn turistlərin sayında artım olması üçün iki əsas amil mövcuddur: "Bunlardan birincisi, Azərbaycanın xarici ölkələrdə yerləşən səfirliklərinin, Azərbaycanı təmsil etdikləri ölkələrdə tanınmasını, xalqların ölkəmiz haqqında məlumatlandırılmasını təmin etmələridir. Sözün açığı, Xarici İşlər Nazirliyi bu məsələdə öz üzərinə düşən vəzifəni son zamanlar artıqlaması ilə həyata keçirməyi bacarır.
  Ancaq ikinci məsələ onların bura gəlməsi üçün lazımi şəraitin yaradılmasıdır. Quru sərhədlər bildiyimiz kimi bağlıdır. Hazırda ölkəmizə səyahət yalnız hava yolu vasitəsilə baş tuta bilər. Biz bu cəhətdən də bölgədəki bütün ölkələrdən geridəyik. Ən yüksək qiymət bizim ölkədə müşahidə olunur. Qonşu dövlətlərlə birlikdə tur paketləri yaradılmalıdır. Bu tur paketlər zamanı müəyyən hotellərlə birlikdə endirimlər təmin edilməlidir. Hotellərin təsnifatı şaxələnməlidir. Xarici turist öz ölkəsindən bura gəlmək üçün internet vasitəsilə sorğu verirsə, orada kifayət qədər təkliflər önə çıxmalıdır. Bütün bu məsələlər üzərində işləməli və lazımi tədbirlər görülməlidir".
  F.İbrahimov həmçinin vurğulayıb ki, daxili turizmdə ölkə istənilən səviyyəyə gəlib çatmayıb: "Bu gün Gürcüstan paketi əlverişlidirsə, vətəndaş üçün daha ucuz başa gəlirsə, o zaman daxili turizmi artırmaq mümkün olmayacaq. Biz qonşu dövlətlərin istirahət guşələrinə alternativ təkliflər verməliyik. Elə olduğu halda kapital axını olmayacaq, insanlar öz ölkəsində istirahət edəcəklər. Turizmin daha da inkişafına şərait yaranacaq. Gündə bir elan verməklə bu məqsədlərə çatmaq mümkün deyil. Bunun üçün sözdə deyil, əməldə səylər göstərmək lazımdır".
Nihad Kərimli