Şəkər tozu həm bahalaşıb, həm tapılmır...  - SƏBƏB

"Marketlərdə şəkər tozunun tapılmaması ilə bağlı iddialara birmənalı yanaşmaq doğru olmaz. Çünki mağazalarda bununla bağlı ciddi problemin mövcudluğunu dilə gətirə bilmərik". 

Bunu "Sherg.az"a iqtisadçı Eldəniz Əmirov şəkər tozunun kəskin bahalaşması və satışda tapılmamasından danışarkən deyib. Onun sözlərinə görə, hazırda şəkər tozunu bir çox marketdən əldə etmək mümkündür: 

"Bəzi rayonlardakı mağazalarda şəkər tozunun asanlıqla əldə edilməsində müəyyən çətinliklərin yarandığını demək olar. Bu da mövsümlə əlaqəli olaraq, indi daha çox insanın kompot hazırlaması və mürəbbə bişirməsinin aktiv olduğu dövr səbəbindəndir. Ona görə də tələb kəskin şəkildə artıb.
 
Nəticədə də bəzi marketlərdə xüsusilə də, bölgələrdəki mağazalarda şəkər tozu  tapılmır. Amma indiki şəraitdə ciddi problemin olduğunu deyə bilmərik. Qiymət bahalaşmasının əsas başvermə səbəbi isə həm inflyasiya, həm də tələbin kəskin şəkildə artmasıdır. Eyni zamanda ölkənin öz tələbatını ödəyə bilməməsi də nəticədə hazırkı duruma gətirib, çıxarır. Marketlərdə şəkər tozunun tapılmaması problemi mürəbbə və kompot mövsümünün bitməsindən sonra aradan qalxacaq".

Qeyd edək ki, daxili bazarda satılan məhsulların qiyməti gündən-günə artır. Marketlərdə şəkər tozunun tapılmaması və qiymətin kəskin bahalaşması ilə bağlı iddialar mövcuddur. Bir çoxları bunu yay mövsümü ilə əlaqələndirir.