"Avropanın ümumi büdcəsi trilyardlarla, avro ilə ölçülür".
Bunu "Sherg.az"a açıqlamasında politoloq İlqar Vəlizadə Ukraynaya yeni maliyyə dəstəyin ayrılmasından danışarkən deyib.
O bildirib ki, Qərb və Avropanın yetəri qədər imkanı olduğu üçün 5 milyard avro böyük bir rəqəm deyil:
"Digər tərəfdən yardımlar müəyyən öhdəliklər çərçivəsində ayrılır. Yəni müharibə davam etdikcə maddi dəstək də dayanmayacaq. Əsas məsələ isə bu yardımların nə qədər davam edəcəyidir. Yəni Ukraynaya yardım ayrılır, amma tərəflər istədiklərini ala bilmirlər. Ümumiyyətlə Avropa tərəfindən Ukraynaya dəstək fondu yaradılıb. Ancaq fonda pulun yığılmasında müəyyən problemlər var. Çünki bəzi ölkələr onlardan tələb edilən məbləğdən razı deyillər və daha varlı ölkələrin hesabına fondun doldurulmasına çalışırlar. Bu da müəyyən ziddiyyətlər meydana çıxarır. Yəni yardımların ayrılması da ciddi problemler yaradır. Ona görə də bəzi siyasətçilər açıq şəkildə bildirir ki, yardımlar sonsuz deyil. Məsələn, Çexiya Prezidenti bir neçə həftə öncə Ukraynaya yardımla bağlı müəyyən məhdudiyyətlər yarana bilər ona görə də qarşıya qoyulan hədəflərə qısa müddətdə çatmalıdır demişdi. Yəni rəsmi Kiyevdən əməliyyatların məhsuldarlığının artırılmasını tələb edirlər. Hətta Qərb siyasətçiləri danışıqlardan daha çox söz açırlar. Son qərarın Ukrayna tərəfindən veriləcəyi deyilsə də, müəyyən qədər işarə edilir ki, proseslər plana uyğun getməlidir".
Qeyd edək ki, ABŞ Ukraynaya 200 milyon dollar məbləğində əlavə hərbi yardım ayırıb.
Bu barədə bazar ertəsi, avqustun 14-də dövlət katibi Antoni Blinken məlumat verib.
Məlumata görə, yeni yardım paketinə hava hücumundan müdafiə və artilleriya üçün döyüş sursatları, həmçinin tank əleyhinə və minatəmizləmə vasitələri daxildir.
Həmçinin Almaniya da Ukraynaya kömək üçün hər il 5 milyard avro ayırmaq niyyətindədir.
Bunu Almaniyanın maliyyə naziri Kristian Lindner deyib.
Onun sözlərinə görə, bu, silah tədarükünə də aiddir. O, Kiyevə səfəri zamanı bildirib ki, Almaniya artıq Ukraynaya yardımın illik maliyyələşdirilməsi proqramı hazırlayıb. Amma onun qüvvəyə minməsi üçün belə bir təşəbbüsün hələ də Almaniya parlamenti tərəfindən təsdiqlənməsi lazımdır.