Azərbaycan iqtisadiyyatında sürətli artım - Millət vəkili

Ölkəmiz Avropanın enerji təminatında strateji və etibarlı tərəfdaşa çevrilib

  Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkə iqtisadiyyatı böyük inkişaf yolu keçib. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçısı İlham Əliyevin inamla davam etdirdyi sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə taleyüklü məsələlərin həllini mümkün edib. Cənab Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib. Tarixi əhəmiyyətli Zəfərin əldə olunması həm də ölkəmizin əsas iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsi sayəsində mümkün olub. Bu inkişaf və tərəqqi Qələbəmizin təməlini təşkil edib, ona zəruri maliyyə və maddi resurslar yaradıb. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Ölkə iqtisadiyyatının pandemiya və qlobal böhranlara yüksək immunitetinin təmin edilməsi və bu böhranların mənfi təsirlərinin minimallaşdırılması məhz möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modelinin dayanıqlılığı ilə izah olunur. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 58,5 milyard ABŞ dollarına yüksəlib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir. Transmilli enerji və nəqliyyat-kommunikasiya dəhlizləri sahəsində uğurlu siyasət sosial-iqtisadi inkişaf göstəricilərini yüksəldib. Ölkəmiz Avropanın enerji təminatında strateji və etibarlı tərəfdaşa çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan yalnız tranzit ölkə kimi yox, eyni zamanda bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2017-ci ildə istismara verilib. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. Ölkəmizdə davamlı makroiqtisadi və maliyyə sabitliyi daxili və xarici investisiya fəallığını şərtləndirir. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli biznes mühiti, güzəştlər, imtiyazlar və stimullar ölkə iqtisadiyyatına qoyulan investisiyaların artmasını, yeni istehsal sahələri və iş yerlərinin yaradılmasını təmin edib. Beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələrinə görə, ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. 154,1 milyard ABŞ dolları xarici investisiya olmaqla, 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard ABŞ dolları təşkil edib. Ticarət tərəfdaşlarının sayı 55 ölkədən 185-ə yüksəlib. Bu dövrdə ölkənin ticarət tərəfdaşlarının sayı artaraq 2022-ci ildə 55 ölkədən 185-ə çatıb. Ötən il Azərbaycandan 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Qeyri-neft-qaz ixracı sahəsində coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin şaxələnməsi üzrə də uğurlu nəticələr əldə olunub. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək və s. tədbirlər də ixracın artımını stimullaşdırır. Hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının və mətbəxinin təqdim olunduğu 11 ticarət evi fəaliyyət göstərir. Ölkənin iqtisadi-ticarət əlaqələrini genişləndirmək, bu sahədə maraqlarını qorumaq və təmsil etmək məqsədi daşıyan ticarət nümayəndəliklərinin fəaliyyəti genişlənir. Hazırlıq mərhələsində olan ixracın coğrafiyasının genişləndirilməsinin stimullaşdırılması mexanizmlərindən biri - logistikanın subsidiyalaşması ölkə ərazisindən keçən tranzit yüklərin qiymətinin enməsi, bununla da, ölkəmizin tranzit sahəsində rəqabət qabiliyyətinin artırılmasına dəstək məqsədi daşıyır. Hazırlanan Milli İxrac Strategiyasında qısa və orta perspektivdə mövcud məhsulların yeni bazarlara, uzunmüddətli perspektivdə isə yeni məhsulların yeni bazarlara ixracı hədəflənir. 2021-ci illə müqayisədə 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 85 faiz, yəni təxminən 5 milyard ABŞ dolları səviyyəsində artırılması nəzərdə tutulur.
  Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında deyib ki, son 20 il Azərbaycan iqtisadiyyatında sürətli artım dövrü kimi yadda qaldı. Deputat vurğulayıb ki, İlham Əliyev hakimiyyətə gəldikdən sonra iqtisadi islahatlar daha da dərinləşib. Eyni zamanda bütövlükdə iqtisadiyyatda inklüziv inkişafın dəstəklənməsi həyata keçirilib:

"Rəqəmlər göstərir ki, Azərbaycan iqtisadiyyatında artım tempi birbaşa islahatların, eyni zamanda qeyri-neft sektorunun inkişafı nəticəsində mümkün oldu. Nəticədə bu gün Azərbaycan xarici borcun Ümumi Daxili Məhsuldakı payına görə dünyada ən yaxşı göstəriciyə malik olan 10 ölkədən biridir. Eyni zamanda Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, valyuta ehtiyatları ümumi daxili məhsulun həcmindən daha çoxdur. Bu, ölkə iqtisadiyyatının inkişafı üçün sığorta yastığının formalaşmasına imkan yaradır. Büdcə gəlirlərinin ÜDM-dəki artımların dəfələrlə ifadə olunması da ondan xəbər verir ki, məhz Azərbaycan Prezidentinin 20 illik rəhbərliyi dövrü iqtisadiyyatımız üçün inkişaf mərhələsi olub. Eyni zamanda həm də, sosial sferada islahatların aparılması, sosial paketlərin təqdim olunması və genişləndirilməsinə birmənalı şəkildə imkan yaradılıb. Azərbaycan artıq iqtisadi baxımdan yeni mərhələyə qədəm qoyub. İnanırıq ki, 2024-cü ildən etibarən Azərbaycanda iqtisadi-siyasi, həm də strateji baxımdan yeni mərhələ olacaq. Bu mərhələdə birmənalı şəkildə Azərbaycan iqtisadiyyatındakı inklüzivliyin, eyni zamanda dayanıqlığın daha da möhkəmlənməsini müşahidə edəcək".