Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır
"Dollara tələb artmaqda davam edir. Son 2 günün hərraclarında 140 milyon dollara satılıb". Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, bütövlükdə isə Mərkəzin Bankın dekabrın ilk yarısında təşkil etdiyi son 4 hərracda 279,9 milyon dollarlıq sifariş yaranıb:
"Öncədə qeyd etdiyimiz kimi, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır. Dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də, bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Bununla yanaşı, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Mart, avqust və dekabr aylarında dollara mövsümi səbəblərdən tələb yüksəlir. Hərracların keçirilməsi mütəmadiliyi ilə bu tələbin daha çevik tənzimlənməsi mümkündür".
Parlament üzvü vurğulayıb ki, dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvələrdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib: "Praktik olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".