2023-cü ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 468 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 616.4 milyon manata bərabər olub.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, 2022-ci ilə nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.3 dəfə və ya 3 milyard 330.6 milyon manat, banklardan xaricə köçürmələr isə 38.6% və ya 388 milyon manat azalıb.
Maraqlıdır, tendensiyada azalmanın müşahidə edilməsi nə ilə əlaqəlidir?
Məsələni "Sherg.az"a dəyərləndirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, vəsaitin bir qismi bank hesablarından ötürülə bilər:
"Bunu isə inandırıcı hesab etmək olmaz. Bütövlükdə prosses Azərbaycanda pul axınını azaldıb. Azərbaycanlılar xaricdəki qohumlarına, xüsusi ilə də Rusiyaya pul köçürürlər. Orada da vəziyyət sabit olmadığından vəsaitin köçürülmə prossesi çətinləşib. İnsanlar xaricdən pul köçürürdürlər ki, ailəsi onlar üçün bir iş görsünlər. Azərbaycan iqtisadi və biznes yatırımı baxımından get-gedə daha əlverişsiz yerə çevrilir. Bu səbəbdən bura daha az pul göndərirlər. Azərbaycandan da pul köçürmələri azalıb. Demək ki, insanların gəliri aşağı səviyyədədir. Bir sözlə, bu göstərici iqtisadi vəziyyətin yaxşı olmadığından xəbər verir".