Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcək.
Bu, Mərkəzi Bank tərəfindən təsdiq edilən “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nda nəzərdə tutulub".
Qaydaya əsasən, kredit köçürməsi (ödəniş tapşırığı), birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının aparılmasıüçün ödəniş əməliyyatını aparan təşkilat tərəfindən təşkilatın ödəniş xidmətindən istifadə edən ödəniş xidməti istifadəçisinə kredit verilə bilər. Kredit Mülki Məcəlləyə uyğun olaraq bir ödəniş əməliyyatı üzrə 50 manatdan çox olmamaqla yalnız milli valyutada 2 aydan çox olmayan müddətə verilir. Alınan kredit tam geri qaytarılmayanadək həmin ödəniş xidməti istifadəçisinə yeni kredit verilmir. Təşkilatın məcmu kapitalı Qayda ilə müəyyən edilən tələblərdən aşağı olduqda kredit verilə bilməz. Həmçinin, verilmiş kreditlərin ümumi məbləği təşkilatın məcmu kapitalının 10%-dən çox ola bilməz.
Qeyd edilib ki, kredit verildiyi tarixdən 2 ay ərzində qaytarılmadıqda ümidsiz aktiv hesab edilir və belə kreditlərin həcmi verilmiş kreditlərin ümumi məbləğinin 10%-ni aşdıqda təşkilat tərəfindən kredit verilmir. Ödəniş xidməti istifadəçilərinə verilən kreditlər yalnız təşkilatın öz vəsaitləri hesabına maliyyələşdirilir. Təşkilat ödəniş xidməti istifadəçilərindən qəbul edilən vəsait hesabına kredit verə bilməz.
Maraqlıdır, yeni qərar bank sistemlərinə necə təsir edəcək?
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yeni qanun kiçik məbləğli surətli kreditlər üçün sərfəlidir: "
"Əslində az vəsait verən müxtəlif şirkətlər mövcuddur. Doğrudur, kredit yüksək faizlə verilir. Məsələn, kommunal xidmətləri ödəmək istəyirsiz, ancaq əlinizdə pul yoxdur. Əgər ödəniş gecikməsi yoxdursa, yaxşı müştərisizsə, evdən çıxmadan surətli kredit götürmək şansınız olacaq. Həmçinin dövlət məbləğ məhdudiyyətləri qoyur. Çünki problemlər ola bilər. Bu bir qədər xərcli prossesdir desək, yanılmarıq. Kreditin geri alınması da çətindir. Biri var ki, kiməsə 20 min verib ona zəng edəsən, biri də var 100 manata görə 200 nəfərə zəng edəsən. Burada geri qaytarılma riski də çoxdur. Bunun banklara təsiri olmayacaq. Əksinə, rəqabəti artıracaq. Tədricən bu istiqamətdə bazarda bir neçə oyunçu var idi. Lakin indi bu daha da genişləndirilir. Dünyada bu sahədə tendensiya mövcud olduğu üçün bizim ölkədə də tətbiq olunur".