Yeni müqavilə: Türkiyədən Azərbaycana ixrac olunan məhsullarda ucuzlaşma olacaq?

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir
Bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Toplantıda aşağıdakı məsələlər müzakirə olunacaq:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

İqtisadçı-ekspert Xalid Kərimli “Sherg.az”a bildirib ki, ölkələr arasında ikiqat vergitutmanın aradan qaldırılması iqtisadi və ticarət əlaqələrinin yaxşılaşmasına xidmət edir:

“İkiqat vergitutmanın aradan qaldırılması investisiya qoyuluşlarının artırılmasına xidmət edir. Eyni zamanda şəffaflığın artırılmasına və vergilərin ödənişində dövlətlərin vergi orqanları arasında əməkdaşlığın genişlənməsinə gətirib çıxarır. Bu cür qarşılıqlı razılaşma olmayanda ölkənin rezidenti xarici ölkədə iqtisadi və ticari fəaliyyətlə məşğul olduğu halda qonşu ölkədə qazandığı puldan vergi ödədikdən sonra həmin pulu ölkəyə gətirən zaman məcburi şəkildə gəlirdən yenidən Azərbaycanda vergi ödəmək məcburiyyətində qalır. Bu isə təbii ki, vergi yükünün həm artması, həm də vergi ödəməli olan şəxslərin yayınması üçün stimul yaradır. Dövlətlərin vergi orqanları arasında əməkdaşlığı və məlumat mübadiləsinin olmaması ona gətirib çıxarır ki vətəndaşlar həm pul qazandıqları ölkədə, həm də rezidenti olduğu ölkədə eyni vergini iki dəfə ödəməyə məcbur qalmasın. İkiqat vergitutulması məsələsi iqtisadi aktivliyi azaldır və vergidənyayınmanın yollarını düşünməyə vadar edilir. Azərbaycanın bir sıra ölkələrlə o cümlədən qardaş Türkiyə ilə ikiqat verginin aradan qaldırılması məsələsi həm Türkiyə vətəndaşlarının Azərbaycanda, həm də Azərbaycan vətəndaşlarının Türkiyədəki investisiya ticari fəaliyyətləri üçün genişləndirici dəstək verəcək . Bu vergi ödənməsi prosesində şəffaflığı artıracaq və sahibkarlar üçün əlavə lazımsız vergi yükünün aradan qalxmasına gətirib çıxaracaq. Vergi qazanıldığı ölkədə ödənilibsə və həmin vergi dərəcəsi Azərbaycandakı vergidən yuxarıdırsa, artıq sahibkar ölkədə vergi vermək məcburiyyətində qalmır. Sadəcə bəyannaməsini təqdim edir". 

İqtisadçı ekspert, Natiq Cəfərli isə bildirib ki,  Azərbaycan və Türkiyə arasında son zamanlariqtisadi sahədə 15 dən çox müqavilə imzalanıb:

“Bu müqavilələr parlamentlər tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minəcək. Müqavilələrdən biridə ikiqat vergitutulmanın azad olunmasıdır. Məsələn idxal və ixrac əməliyyatına görə ölkədə vergi ödəyən şirkət digər ölkədə vergi verməyəcək. Yəni Türkiyədə ödənilibsə, Azərbaycanda, Azərbaycanda ödənilibsə,Türkiyədə vergi verilməyəcək. Bu iki ölkə arasında ticarət dövriyyəsinin xeyli artmasına səbəb ola biləcək amildir. Qərardan sonra Türkiyədən Azərbaycana ixrac olunan məhsul qiymətində ucuzlaşma nəzərdə tutulmalıdır. Bu qərarın necə yerinə yetiriləcəyini, bazardakı hansı təsirləri olacağını bir müddətdən sonra görəcəyik. Ümumilikdə bu qərar qarşılıqlı ticarət dövriyyəsinin artmasına xidmət edə biləcək qaydalardır”.