Bu ilin yanvar-aprel aylarında Azərbaycana 174 ölkədən 726,4 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 38,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
1news.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 28,8%-i Rusiya, 19,0%-i Türkiyə, 9,7%-i İran, 8,4%-i Hindistan, 4,6%-i Gürcüstan, 3,1%-i Qazaxıstan, hər birindən 2,4% olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 1,9%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,4% olmaqla Ukrayna və Türkmənistan, 1,3%-i Küveyt, 1,2%-i Belarus, 1,1%-i Çin, 11,5%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 71,1%-ini kişilər, 28,9%-ini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,3 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,1 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Bəhreyndən - 2,0 dəfə, Qırğızıstandan - 1,9 dəfə, Filippindən - 1,9 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,8 dəfə, İrandan - 1,6 dəfə,Tacikistandan - 1,6 dəfə, Misirdən - 1,5 dəfə, Türkmənistandan - 1,5 dəfə, Küveytdən - 1,5 dəfə, Yəməndən - 49,8 %, İordaniyadan - 49,4 %, İtaliyadan - 49,1 %, Pakistandan - 41,6 %, Özbəkistandan - 33,4 %, Polşadan - 28,2 %, Almaniyadan – 28 %, Türkiyədən - 25,9 %, Rusiyadan - 25,8 %, Ukraynadan - 23,9 %, Birləşmiş Ərəb Əmirliklərindən - 22,3 %, Gürcüstandan - 15,4 %, ABŞ-dan - 12,7 %, Fransadan - 11,5 % artıb.
2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 121,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 35,6 % artaraq 27,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 30,3 % artaraq 277,9 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 %-i hava, 28,9 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.
İqtisadçı-ekspert Eyyub Kərimli "Sherg.az"a bildirib ki, hazırda ölkəmizə gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verir:
“Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən 2-si Bakıdan kənara gedir. Bu baxımdan hesab edirəm ki, regionların dahada inkişaf etdirilməsi, xidmət sektorunun inkişafı və turizmin cəlb ediciliyinin artırılmasına böyük ehtiyac var. Turistlərin ikinci ən çox üstünlük verdiyi Qusar rayonudur. Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxtın hotellərinə uduzurlar. Bu gün ölkəmizə səfər edən turistlərin gəldikləri ölkələrə baxsaq daha çox Hindistan, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudi Ərəbistan və digərlərindən olduqlarını görərik. Bəzən Rusiyadan gələn Azərbaycan vətəndaşlarıda olur. Turizm inkişafı ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Otelçilik, xidmət sektoru, regionların irəlkiyə getməsi və kiçik sahibkarlığın inkişafına müsbət təsir göstərir. Mənfi hal odur ki, hələ də təhlükəsizliklə əlaqəli quru sərhədlərimiz bağlıdır. Bu da turist səfərlərinə mənfi təsir göstərir. Müvafiq ayın ilk rübündə 800 minə yaxın turist səfəri olub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz artımdır. Gələnlərin isə 64 faizi daha çox Bakıda, digər hissəsi isə Qusar, Naftalan, Quba,Şabran və əsasən şimal rayonlarımızda istirahət ediblər. Gələnlərin 1 faizi isə Naxçıvan Muxtar Respublikasına səfər edib. Bu isə ürəkaçan göstərici deyil. Regionlarda bu sahədə potensial imkanın dahada genişləndirilməsinə böyük ehtiyac var.”