Ölkəmiz qeyri neft sektorunu inkişaf etdirməsə, problemlər daha çox artacaq -İQTİSADÇI

"Fitch Group"a aid olan "Fitch Solutions” (FS) 2024-cü il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu dəyişməyərək 2,6% müəyyən edib.
"APA-Economics" şirkətə istinadən xəbər verir ki, FS 2025-ci ildə isə Azərbaycanda iqtisadi artım proqnozunu 3,3%-dən 2,8%-ə endirib, 2026-cı il üzrə 3,2%, 2027-ci il üzrə isə 3,1% iqtisadi artım müəyyən edib.
"Fitch Solutions” 2024-cü il üzrə nominal ümumdaxili məhsulun (ÜDM) 98,7 mlrd. dollara, 2025-ci ildə isə 107,7 mlrd. dollara, 2026-cı ildə 117,6 mlrd. dollara, 2027-ci ildə isə 128 mlrd. dollara çatacağını proqnozlaşdırıb.
"Daha güclü neft sektorundan əldə edilən mənfəət ev təsərrüfatlarının istehlakının 2023-cü ildəki 3.0%-dən illik 4.0%-ə yüksəlməsinə töhfə verəcək. İnflyasiyanın yavaşlaması və aşağı faiz dərəcələri də istehlakçı xərclərini gücləndirəcək" - "Fitch Solutions” qeyd edib.
FS əlavə edib ki, iqtisadi artımla bağlı əsas risk neftin qiymətinin dəyişməsidir. Bu amil şirkətin proqnozlarına da təsir göstərəcək.

 İqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az”a bildirib ki, 2023-cü ildə ölkəmizdə 1.1 faiz iqtisadi artım baş verib:

“Azərbaycanda iqtisadi artımın ləngiməsinin əsas səbəbi neft hasilatında azalmanın müşahidə olunması və stabilləşməsi ilə bağlı addımların atılmasıdır. Qaz çıxarılması da nefti kompensasiya edə bilmir. Qaz olmasaydı ciddi şəkildə geriləmə olardı. BP bu ilin əvvəlində elan etdi ki, əlavə hasilat artırılması ilə əlaqədar həyata keçirilmiş işlər uğurlu olub. Ümumiyyətlə iqtisadi artım aşağı olması, iqtisasiyyatımızın böyüməməsi və adam başına düşən Ümumi Daxili Məhsulun artmaması deməkdir. Ölkəmiz qeyri neft sektorunu inkişaf etdirməsə, problemlər daha çox artacaq”.