İqtisadçı: Azərbaycanda tütün məmulatları Rusiya və İrandan xeyli bahadır

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə cərimə müəyyənləşir.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, “Tütün və tütün məmulatları haqqında” qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə vəzifəli şəxslər 5000 manatdan 7000 manatadək, hüquqi şəxslər 10000 manatdan 12000 manatadək məbləğdə cərimə ediləcəklər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a bildirib ki, spirtli içki və tütünlə bağlı cərimələrin, vergilərin dəyişdirilməsi və artırılması bir çox ölkələrdə hökumətlərin atdığı addımlardır:

“Bu hadisələr sosial məsələ olmadığına görə ciddi etiraz doğurmur. Dünyanın bir çox ölkələrində hökumətlər bunu həm də sağlam həyat tərzinin təşviqi siyasətinin tərkib hissəsi kimi təqdim edirlər. Azərbaycanda da son illərə nəzər salsaq bir neçə dəfə tütün məmulatlarının aksiz və satış vergiləri artırıldığını müşahidə edərik. Bunların nəticəsi olaraq da son 5 ildə qiymətlərdə 2 dəfədən çox artım baş verib. Hətta yeni lisenziyalaşdırma qaydaları gətirilir və bununla bağlı cərimələr müəyyənləşdirilib. Bütün bunlar onu göstərir ki, sözügedən sahədə sərtləşmə siyasəti davam edəcək. Bu isə sağlam həyat tərzinin təşviqinə yönələn addımlar kimi təqdim olunacaq. Burada önəmli bir detal da var. Dünyanın bir çox ölkələrində baş verən təcrübəni nəzərdən keçirərək o qənaətə gəlmək mümkündür ki, tütün məmulatlarının qiymətinin və onların satış şərtlərinin sərtləşdirilməsi çox zaman aksizsiz və kontrobanda məhsulların həcmini artırır. Sərtləşmə ilə paralel elə siyasət yürütmək lazımdır ki, Azərbaycanda qonşu ölkələrdən tütün məmulatlarının qiyməti kəskin fərqlənməsin. Hazırda fərq getdikcə artır. Azərbaycanda tütün məmulatları Rusiya və İrandan xeyli bahadır. Sərhədlər  açılandan sonra kontrobanda yolu ilə həmin ölkələrdən Azərbaycana gətirilən tütün məmulatlarının həcmi arta bilər.”