Kartdan karta pul köçürmək qadağan deyil -Açıqlama

Qadağan olan başqa haldır
 
 
 Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarlara müraciətində bildirilib.
  Qurum bəyan edib ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib.
“Dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, qeyd olunan qanuna zidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib. Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur”.

 DVX-nin sahibkarlara müraciətini  şərh edən iqtisadçı-ekspert Əyyub Kərimli də “Sherg.az"a açıqlamasında deyib ki, nağdsız ödənişlərin dövriyyəsinin artmağı, vergi yayınmaların qarşısının alınması zəruridir, qaçılmazdır, vacibdir:

 “Lakin nəzərə almaq lazımdır ki, nağdsız ödənişlər zamanı sahibkarlar üçün 3-4 faizə qədər vəsait itkisi baş verir. Nağdsız ödənişlərə sahibkarları stimullaşdırmaq üçün müəyyən diversifikasiyalı yanaşmalara ehtiyac var. Əsasən də mikro sahibkarlar üçün. Sadələşmiş vergi ödəyicisi 2-8 faiz arası dövriyyədən vergi ödədiyi halda 3-4 faiz bank və digər rüsumlarda itirir. Fikrimcə, müəyyən həddə  qədər nağdsız dövriyyələrə güzəştlər tətbiq edilsə daha uyğun olar. Rəqəmsal pulların yeni mənfi xüsusiyyətlərindən  biri də müəyyən dövriyyədən sonra vəsaiitin ilkin dəyərinin qalmamasıdır. Məsələn, kağız 100m on nəfərin əlindən dövr etsə də, elə 100m kimi qalacaq, amma bank üzərindən bir neçə dövriyyədən sonra faizlər tutularaq azalacaq və bitəcək”.

 Digər ekspert Eldəniz Əmirov isə  qeyd edib ki, kartdan karta pul köçürmək qadağan deyil. Qadağan olan başqa haldır: 

“Yəni “Elektron ticarət haqqında” Qanun kartdan karta pul göndərməyi qadağan etmir. Qanun istehlakçıların elektron ödəniş etmək imkanı ilə təmin edilməməyi qadağan edir. Başqa sözlə, POS-terminalların müştəriyə təqdim edilməməsini qadağan edir. Cərimə olaraq da 1-ci dəfə 1 000 man, 2-ci dəfə 3 000 man, 3-cü dəfə və daha çox olanda 6 000 man müəyyən edilir.
Ümumiyyətlə isə belə hallar hədsiz çoxalıb və buna görə də  operativ vergi nəzarəti tədbirlərinin gücləndirilməsinə ehtiyac vardır.  
Həm də Respublikamızın elə əraziləri var ki, həmin ərazilərdə  bu cür hallar digər ərazilərdən daha çoxdur. Bölgələr arasında belə kəskin fərqin olmasının səbəbinin özü də  bir ayrıca araşdırmalı sualdır”.