Osman Gündüz: “Yəqin ki, hökumət effektiv mexanizmlər hazırlamağı nəzərdə tutur”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs yaradılıb. Prezidentin imzaladığı Fərmanda qeyd edilir ki, yeni holdinqin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin qurulması məqsədi daşıyır. Fərmanda AZCON publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı da əlavə edilib. Ümumilikdə 13 dövlət müəssisəsi (QSC-lər, zavod, agentlik, istehsalat birliyi) holdinqin tərkibinə daxil edilib.
Yeni meqa holdinqin yaradılması ilə bağlı “Sherg.az"a fikrini bildirən Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazrliyi yanında İctimai Şuranın üzvü Osman Gündüz qeyd etdi ki, Holdinqdə “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “BakuBus” kimi böyük MMC-lər, Bakı Gəmiqayırma Zavodu, həmçinin, RİNN-nin tabeliyindəki 6 qurum birləşir:
“Prezidentin fərmanı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON-un Müşahidə Şurasının sədri təyin edilib. İcraçı direktor da Prezident tərəfindən təyin olunacaq. İlkin rəyim bundan ibarətdir ki, Fərmanda qeyd olunduğu kimi, səmərəlilik və rəqabətə davamlılıq baxımından sektorda daha münbit mühit yaratmaq üçün atılan addımı uğurlu hesab etmək olar. Bu nəhəng dövlət qurumlarının içərisində, nəhəngliyinə baxmayaraq hökumətdən subsidiya alanlar da var. Güman ki, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün, gəlir gətirməsi üçün hökumət effektiv mexanizmlər hazırlamağı nəzərdə tutub. Düşünmək olar ki, hökumət bu qurumlara gələcəkdə nəinki subsidiyalar vermək, əksinə onların hesabına büdcə gəlirlərini artırmağı hədəfləyib”.