İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.
Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzaladığı Sərəncamda öz əksini tapıb.
Sərəncamda bildirilib ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Şərqi Zəngəzur və Qarabağda hər şey yenidən qurulur:
“Cənub və Şimal zonasında artıq elektrik və istilik enerji stansiyaları var. Hökumət bunlara milyardlarla pul qoyub. Ümumiyytlə yaşıl enerji deyiləndə külək və günəşdən söhbət gedir. Şərqi Zəngəzurda da dağ çaylarına su elektrik stansiyası qurulması üçün potensial var. Bu baxımdan da enerji infrastrukturu yenidən qurulur. Sıfırdan qurulduğuna görə isə hökumət həm günəşdən, həm küləkdən, həm də sudan səmərəli istifadə etmək istəyir. Çünki ən azından bu regionlar öz tələbatlarını bərpa olunan enerji mənbələri hesabına ödəyə bilməlidirlər. Naxçıvanda olan elektrik enerjisini isə digər ölkələrə Türkiyə və İran vasitəsilə ötürürük. Bu baxımdan da dövlət Naxçıvan elektrik enerji stansiyalarını yenidən qurmaq fikrindədir. Xüsusən də diqqəti günəş enerjisinə vermək istəyir. Bununla həm, Naxçıvan öz tələbatını ödəyəcək, həm dəm yaradılmış elektriki Türkiyəyə və Türkiyə üzərindən Avropaya ixrac etmək mümkün olacaq. Bildiyimə görə adı çəkilən zonaların seçilmə səbəbləri bundan ibarətdir. Ümumiyyətlə həmin ərazilərin 200 geqavatlıq yaşıl enerji potensialı var. Bunun da xüsusən 157 geqavatı Xəzər dənizi üzərindəki küləklərin potensialıdır”.