Pullar axır...
Riskli tendensiyadır, belə çox getməz
Son illərin ən çox müzakirə edilən investitsiya vasitələri olan kriptovalyutalar, ənənəvi maliyyə sistemlərinin hədəfi vəziyyətindədir. İnsanların kriptovalyutalara investitsiya yatırması və bu sektordakı ümumi bazar həcminin trilyonlarla dollar olması ənənəvi dünya nizamını təhlükə qarşısında qoyur. Xüsusilə, hökumətlər və maliyyə sistemlərini idarə edənlər kriptovalyutalara qarşı qərarlı mövqe sərgiləyir.
Qeyd edək ki, dünya bazarlarında ən dəyərli kriptovalyuta "Bitcoin"dir. "Bitcoin" hər hansı bir mərkəz banka, rəsmi quruluş və s. ilə bağlantılı olmadan ölkələrin pul vahidi ilə alınıb satıla bilən, hər hansı bir üçüncü qurum və ya şəxsə aid olmadan transfer edilə bilən rəqəmsal pul vahididir. "Bitcoin" 1,75 trilyon dollarlıq bazar dəyəri ilə "gümüş"ü geridə qoyaraq dünyanın 8-ci ən dəyərli sərvətinə çevrilib.“Bitcoin” son 10 gündə isə daha sürətlə dəyər qazanıb.
ABŞ-nin Pensilvaniya ştatı, "Bitcoin"i ştat xəzinəsinin bir hissəsi kimi qəbul etmək üçün addımlar atır. CNBC-nin məlumatına görə, "Pensilvaniya Bitcoin Strateji Ehtiyat Qanunu" adlı qanun layihəsi ştat məclisinə təqdim edilib. Layihə 7 milyard dollarlıq ştat fondlarının 10 faizə qədərini "Bitcoin"ə yönəldərək investisiya portfelini genişləndirməyi nəzərdə tutur. Qanun layihəsi, ştatın kripto aktivləri tanıması yolunda mühüm addım kimi qiymətləndirilir. Layihənin müəllifi Respublikaçı Mayk Kabell, "Bitcoin"in inflyasiyaya qarşı dayanıqlı bir vasitə olduğunu və maliyyə çevikliyini artıracağını bildirir. Əgər qanun qəbul olunarsa, Pensilvaniya xəzinəsi 7 milyard dollara qədər "Bitcoin" sərmayəsi edə biləcək. Pensilvaniyanın "Bitcoin"i strateji ehtiyat kimi qəbul etməsi, ABŞ-də kripto aktivlərin tanınması baxımından əhəmiyyətli bir addım sayılır. 14 noyabrda təqdim edilən qanun layihəsi, rəqəmsal aktivlərin ştatda daha geniş qəbul görməsini təşviq edə bilər. ABŞ-nin bir çox ştatı artıq kripto tərəfdarlarının cərgəsinə qoşulmaqdadır; məsələn, Vayominqblokçeyn qanunvericiliyində, Texas kriptomədənçiliyində, Florida isə blokçeyn şirkətlərini cəlb etməkdə fəal mövqeyə sahibdir. Pensilvaniya da bu qanunla kripto tərəfdarı olan ştatlar sırasına qoşulmağı hədəfləyir.
Onu da deyək ki, “Bitcoin”in bahalaşması ona investisiya edilən vəsaitlərin də həcmini artırır. Bu günə olan məlumata əsasən, ümumi investisiyanın həcmi 1,8 trilyon dolları ötüb. Əgər “Bitcoin”in qiyməti 100 min dolları ötərsə, ümumi investisiyların həcmi 2 trilyon dolları keçəcək. Ekspert qiymətləndirməsinə görə, “Bitcoin”in dəyərinin 100 min dollar olması ehtimalı yüksəkdir.
İqtisadçı-ekspert Pərviz Heydərov isə “Sherg.az"a açıqlamasında deyib ki, “Bitcoin” kripto valyutasının qiyməti ABŞ-dəki prezident seçkilərinin nəticəsindən sonra özünü göstərməyə başladı. Onun sözlərinə görə, kriptovalyutanın birdən-birə fantastik dəyərə minməsi əsasən dünya bazarlarında, fond birjalarında qeyri-müəyyən vəziyyətlə əlaqədardır:
“Dünyanın maliyyə bazarlarında vəziyyət qeyri-müəyyən idi. Qızılın qiymətinin kəskin bahalaşması, investorların qızıla meyl etməsi, dünyanın aparıcı valyutaları arasındakı rəqabətin kəskinləşməsi fonunda əsas diqqət ABŞ seçkilərinə yönəlmişdi və kimin qalib gələcəyi diqqət mərkəzində idi. Seçkinin yekununda investorların kriptovalyutaya meyl etməsi onun bahalaşmasına səbəb oldu. Fikir versəniz, son dövrlərdə qızılın qiyməti artıq bahalaşmağa yox, nisbətən ucuzlaşmağa doğru gedir. Qızılın ucuzlaşıb, dolların bahalaşması fonunda “Bitcoin”in bahalaşması təbii hal hesab olunsa da, bunu müvəqqəti hal hesab edirəm. Riskli bir tendensiyadır. Ona görə ki, artıq son açıqlanan statistikada “Bitcoin”in ucuzlaşmağa doğru getməsi faktı qeydə alınıb. Bu isə artıq spekulyasiyadır”.