İqtisadçı: Sənaye istehsalının artması yeni iş yerlərinin yaranmasına səbəb olur

Bakı şəhərində 2024-cü ilin 10 ayında 44 milyard manatdan çox sənaye məhsulları istehsal olunub. Bu məlumat, Azərbaycanın iqtisadiyyatının mühüm sektorlarından biri olan sənaye sahəsinin artımını və inkişafını göstərir.

Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, 44 milyard manatlıq sənaye istehsalında daha çox payı olan neft və qaz sənayesidir:

“Neft və qaz sənayesi kifayət qədər böyük bir paya sahibdir. Xüsusilə bu sənaye təxminən 80 faizi təşkil edir. Ümumiyyətlə Bakıda sənaye istehsalının əsasını neft və qaz sənayesi, tikinti materialları, elektrik enerjisi və  içməli su təchizatı hasilatı təşkil edir. Nəticə etibarilə də Azərbaycanda sənaye istehsalının artması müsbət bir tendensiya kimi qiymətləndirilə bilər. Çünki sənaye istehsalının artması həm də əlavə dəyər və gəlir vergisinin ixracatı zamanı aksiz vergilərin büdcəyə daxil olmasının həcmini artırır. 2024-cü  ilin proqnozlarına görə 10 milyard manata yaxın sənaye istehsalının vergilərindən əldə edilən gəlirlərdən büdcə formalaşıb. Bu baxımdan sənaye istehsalının artması yeni iş yerlərinin yaranmasına səbəb olur. Eyni zamanda ixracatın artması milli valyutanın möhkəmlənməsinə gətirib çıxaran müsbət hallardan biridir. Qeyd edilən rəqəmlər Azərbaycan büdcəsinə müsbət təsir göstərməklə yanaşı, həm də manatın möhkəmlənməsinə gətirib çıxarır. Gələn il üçün də Bakı üzrə sənaye istehsalının artacağı proqnozlaşdırır. Proqnozlara əsasən təxminən səkkiz faiz artım müşahidə olunacaq. 2025-2026-cı illərdə də son illər davam edən dəmiryol daşımaları ilə bağlı göstəricilərin artdığını müşahidə etsək, və eyni zamanda, Ələt Beynəlxalq Ticarət Limanının tam gücü ilə istifadəyə verilməsi baş verərsə, Bakıda sənaye istehsalı 8 faiz deyil, ən azı 25  faizə qədər artacaq. Bu da Azərbaycan üçün kifayət qədər sevindirici bir məqamdır”.