Avro əskinaslarının dizaynı 2002-ci ildən bəri ilk dəfə dəyişdiriləcək

Avropa Mərkəzi Bankı avro əskinaslarının növbəti seriyası üçün seçilmiş qrafik dizayn layihələrini təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə Polşanın "Fakt" nəşri məlumat yayıb.

Hər bir layihə 5 avrodan 200 avroyadək nominal dəyəri olan əskinaslardan ibarət tam seriyanı əhatə edir.

Bu layihələr iki əsas mövzuya - "Avropa mədəniyyəti və elmi" və "Çaylar və quşlar", eləcə də onlarla əlaqəli qrafik motivlərə əsaslanır. Birinci qrupa Nobel mükafatı laureatı Mariya Küri-Sklodovskayanın təsvirinin yer aldığı 20 avroluq əskinas daxildir. Bundan əlavə, Mariya Kallas, Lüdviq van Bethoven, Migel de Servantes, Leonardo da Vinçi və Berta fon Zuttnerin təsvirlərinin yer aldığı əskinaslar da təklif olunub. Bu şəxsiyyətlərin təsvirləri incəsənət, musiqi, təhsil, ədəbiyyat və elmlə bağlı motivlərlə müşayiət olunur.

Dizaynların ikinci qrupu Avropa çaylarını, quşlarını və səciyyəvi mənzərələri təsvir edir. Əskinasların arxa tərəfində isə Avropa institutlarının təsvirləri yerləşdirilib.

Avropa Mərkəzi Bankı İdarə Heyətinin ilin sonunda yeni əskinasların dizaynı ilə bağlı yekun qərar qəbul edəcəyi gözlənilir. Bu qərar ən yaxşı dizayn üzrə müsabiqənin nəticələrinə, texniki qiymətləndirməyə və ictimai rəy sorğusunun nəticələrinə əsaslanacaq. Daha sonra seçilmiş layihələr təkmilləşdiriləcək və istehsala buraxılmazdan əvvəl sınaqdan keçiriləcək. Yeni seriyanın əskinaslarının sonrakı illərdə dövriyyəyə buraxılacağı güman edilir.

Mərkəzi Bank vurğulayır ki, yeni əskinas seriyalarının vaxtaşırı dövriyyəyə buraxılması saxtakarlarla daha effektiv mübarizə aparmaq üçün texnoloji tərəqqidən istifadə etməyə imkan verir. Yeni əskinaslar yeni və təkmilləşdirilmiş mühafizə elementləri ilə təchiz ediləcək ki, bu da onların yoxlanılmasını asanlaşdıracaq və görmə məhdudiyyətli insanlar da daxil olmaqla, əlçatanlığı artıracaq.