Avropanın yeraltı qaz anbarlarında ehtiyatların doluluq səviyyəsi 50%-i ötüb, lakin bu göstərici son beş ilin ən aşağı səviyyəsindədir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.
Məlumata görə, iyulun əvvəlindən etibarən Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarlarına xalis qaz vurulması da son altı ilin minimumundadır.
Hazırda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 50,03% təşkil edir. Bu, son beş ilin həmin tarix üzrə orta göstəricisindən 15,05 faiz bəndi aşağıdır. Ötən ilin eyni dövründə bu göstərici 60% səviyyəsində olub. Hazırda anbarlarda 54,7 milyard kubmetr qaz mövcuddur ki, bu da 2025-ci ilin göstəricisindən 11 milyard kubmetr azdır.
Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdır.
Beləliklə, 2026–2027-ci illərin payız-qış mövsümünün əvvəlinədək normativ göstəriciyə çatmaq üçün anbarlara xalis şəkildə ən azı 68 milyard kubmetr qaz vurmalıdır. Ötən il isə bu göstərici təxminən 55 milyard kubmetr olub. Hazırkı vəziyyətə görə, Avropa qarşıdakı qış mövsümü üçün tələb olunan qaz həcminin cəmi 35%-ni, yəni 24 milyard kubmetrini yeraltı qaz anbarlarına vurmağa nail olub.
Qeyd edək ki, 2026-cı ildə anbarların doldurulma tempinə Yaxın Şərqdəki münaqişə dövründə Asiya ilə mayeləşdirilmiş təbii qaz (LNG) bazarında rəqabətin uduzulması təsir edib. Bundan əlavə yanacaq qiymətlərinin yüksəlməsi, eləcə də iyun və iyul aylarında müşahidə olunan ekstremal istilər də ciddi təsir göstərib. Belə hava şəraitində soyutma və kondisioner sistemlərinə tələbat artdığı üçün elektrik enerjisinə ehtiyac da yüksəlir. Qaz isə atom, külək və günəş enerjisi ilə yanaşı, elektrik enerjisi istehsalının əsas mənbələrindən biri hesab olunur.