“Azərbaycan artıq sadəcə investisiya qəbul edən ölkə deyil” - Əli Səlimov

  • “Xarici kapitalın cəlb edilməsi ölkəmizin qeyri-neft iqtisadiyyatına yeni impuls verəcək”
  • “Forumda təqdim olunan imkanlar konkret layihələrə çevrilməlidir”

Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) işə başlayıb.

İki gün davam edəcək forumda dünyanın aparıcı investorları, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirib.

İqtisadiyyat Nazirliyi və "The European House – Ambrosetti & TEHA Group"un strateji tərəfdaşlığı ilə keçirilən tədbir "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub. Forum yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm platformadır. Məqsəd - konkret layihələr üzrə tərəfdaşlıqlar qurmaq və qarşılıqlı rifaha xidmət edən birgə fəaliyyət mexanizmləri formalaşdırmaqdır.

Forum çərçivəsində təşkil ediləcək sessiyalarda qlobal iqtisadi və geosiyasi proseslərin iqtisadi artıma və investisiyalara təsiri, bu fonda Azərbaycanın strateji mövqeyi, regional bağlantı və investisiya imkanları, müxtəlif sahələrə aid əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Beynəlxalq iqtisadi tədbir çərçivəsində Azərbaycana aid qurumların müxtəlif xarici şirkət və tərəfdaşlarla işbirliyinə dair sənədlər imzalaması və mübadiləsi nəzərdə tutulur.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni investisiya istiqamətlərinin və əməkdaşlıq imkanlarının təşviqinə, Azərbaycanın regional iqtisadi bağlantılarda rolunun genişlənməsinə və perspektivli layihələrin reallaşdırılmasına töhfə verəcəyi gözlənilir.

Forumda Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.

Prezident İlham Əliyevin müraciətində qeyd olunub ki, forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarını, biznes liderlərini bir araya gətirib. Tədbirdə Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt, rəqəmsal transformasiya, infrastruktur, sənaye, kritik xammal, aqrobiznes və insan kapitalına investisiyalar müzakirə olunur.

Prezident Azərbaycanın etibarlı enerji tərəfdaşı və tranzit qovşağı kimi mövqeyinin daha geniş iqtisadi platformaya çevrilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, forum xarici investisiyaların cəlbi, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platformadır. Qlobal təchizat zəncirlərinin dəyişdiyi və yeni nəqliyyat-enerji marşrutlarının formalaşdığı şəraitdə Azərbaycanın strateji coğrafi mövqeyinin əhəmiyyəti də diqqətə çatdırılıb.

Ekspertlər də Prezident İlham Əliyevin himayəsi altında təşkil olunan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yüksək qiymətləndirərək, tədbirin Azərbaycanın investisiya imkanlarının beynəlxalq investorlar qarşısında təqdim olunması, yeni tərəfdaşlıqların qurulması və ölkəyə xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli olduğunu bildiriblər.

İqtisadçı Əli Səlimov Sherg.az-a bildirib ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal investisiya xəritəsində mövqeyini möhkəmləndirmək baxımından mühüm platformaya çevrilir:

“Dünyanın aparıcı investorlarının, dövlət və beynəlxalq maliyyə institutlarının, eləcə də biznes liderlərinin bir araya gəlməsi Azərbaycanın iqtisadi imkanlarının təqdim olunması ilə yanaşı, konkret investisiya layihələri ətrafında yeni tərəfdaşlıqların qurulması üçün də imkan yaradır. Forumun 25–26 sentyabr tarixlərində keçirilməsi və “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunması hazırkı qlobal iqtisadi şərait baxımından xüsusilə diqqət çəkir. Son illərdə beynəlxalq iqtisadiyyatda təchizat zəncirlərinin yenidən qurulması, geosiyasi risklərin artması və kapitalın daha etibarlı və dayanıqlı istiqamətlərə yönəlməsi investorların ölkə seçimlərinə təsir edən əsas amillərdən birinə çevrilib. Belə bir şəraitdə Azərbaycanın coğrafi mövqeyi, enerji və nəqliyyat infrastrukturu, Şərq-Qərb və Şimal-Cənub bağlantılarında iştirakı ölkənin investisiya imkanlarını genişləndirən əsas üstünlüklər sırasında yer alır. Forumun gündəliyində Orta Dəhliz, yaşıl enerji, rəqəmsal transformasiya, infrastruktur, sənaye, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, turizm və insan kapitalı kimi istiqamətlərin yer alması da investisiya gündəminin artıq yalnız enerji sektoru ilə məhdudlaşmadığını göstərir”.

İqtisadçı hesab edir ki, Azərbaycan üçün burada əsas məsələ xarici investisiyanın sadəcə həcmini artırmaq deyil, onun iqtisadiyyatın strukturuna verəcəyi töhfəni yüksəltməkdir:

“Xüsusilə qeyri-neft sektoruna yönələn investisiyalar istehsalın genişlənməsi, ixrac imkanlarının artması, yeni texnologiyaların ölkəyə gətirilməsi və məşğulluğun yüksəldilməsi baxımından daha uzunmüddətli nəticələr yarada bilər. Prezidentin 7 avqust 2026-cı il tarixli sərəncamında da ölkənin investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, biznes mühitinin təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun dayanıqlı inkişafı prioritet istiqamətlər kimi qeyd olunur. İlk Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri də xüsusi diqqət çəkir. 2025-ci ildə keçirilən forumda 1000-dən çox iştirakçı bir araya gəlib və ümumi dəyəri 10 milyard dollardan çox olan investisiya sazişləri imzalanıb. Bunun 7 milyard dollardan çox hissəsinin qeyri-neft sektoru ilə bağlı olması Azərbaycanın investisiya siyasətində şaxələndirmə istiqamətinin əhəmiyyətini göstərir. İkinci forumun əhəmiyyəti isə ilk tədbirdə formalaşan marağın davamlı investisiya əməkdaşlığına çevrilməsindən asılı olacaq. Bunun üçün forum çərçivəsində təqdim edilən layihələrin iqtisadi səmərəliliyi, şəffaflığı və investor üçün proqnozlaşdırıla bilən gəlir imkanları xüsusi əhəmiyyət daşıyır. Çünki beynəlxalq investor üçün ölkənin imkanlarının təqdim olunması ilk mərhələdirsə, həmin imkanların konkret layihələrə, maliyyələşmə qərarlarına və uzunmüddətli tərəfdaşlıqlara çevrilməsi əsas nəticədir”.

Ə. Səlimov qeyd edib ki, Bakıda keçirilən forumu Azərbaycanın özünü yalnız investisiya qəbul edən ölkə kimi deyil, regional iqtisadi bağlantıların və yeni investisiya layihələrinin formalaşdığı platforma kimi təqdim etməsi üçün də bir imkan kimi qiymətləndirmək olar:

“Əgər forum çərçivəsində müzakirələr konkret layihələr və uzunmüddətli tərəfdaşlıqlarla tamamlanarsa, bu, xarici kapitalın cəlb edilməsi ilə yanaşı, Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafına və regional iqtisadi rolunun genişlənməsinə əlavə impuls verəcək”.