Brent neftinin dalğası Azərbaycanı da silkələyəcək - EKSPERT

İlham Şaban hesab edir ki, Venesuela hadisələrindən sonra hasilat dərhal bazarı dəyişdirməyəcək

Neft dünya iqtisadiyyatının əsas enerji dayaqlarından biri hesab olunur. Elektrik enerjisinin istehsalından avtomobil, aviasiya və dəniz nəqliyyatınadək geniş sahədə istifadə edilən bu “qara qızıl” qlobal ticarətdə strateji əhəmiyyətə malikdir. Məhz bu səbəbdən neftin qiymətində baş verən hər bir artım birbaşa yanacaq xərclərinə, daşımaların maya dəyərinə və ümumilikdə enerji bazarına ciddi təsir göstərir. Neft ixracı bir çox ölkələrdə dövlət büdcəsinin əsas gəlir mənbələrindən biridir. Dünya bazarında neftin qiymətinin mərhələli şəkildə bahalaşması isə təsadüfi xarakter daşımır. Qiymət artımı əsasən tələb və təklif balansı, geosiyasi gərginliklər, o cümlədən Ərəb-İsrail münaqişəsi və Rusiya-Ukrayna müharibəsi, dolların məzənnə dəyişiklikləri, qlobal iqtisadi aktivliyin artması və spekulyativ əməliyyatlarla sıx bağlıdır. İqtisadi artım şəraitində neftə tələbat artdıqca, istehsalın bu tələbi qarşılamaması qiymətlərin yüksəlməsini qaçılmaz edir. Son hesablamalara görə, Venesuela hazırda dünyada ən böyük sübut olunmuş xam neft ehtiyatlarına malik ölkədir. Təxminən 303 milyard barel ehtiyatla Səudiyyə Ərəbistanını geridə qoyan bu ölkə, uzun illərdir ki, iri güclərin diqqət mərkəzindədir. ABŞ-nin marağının məhz Venesuela neftinə yönəlməsi təsadüfi sayılmır. 2026-cı il yanvarın 3-də ABŞ silahlı qüvvələri Prezident Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə onu saxlayaraq Nyu-Yorka aparıb. Ardınca isə ABŞ Prezidenti Donald Tramp Venesuelaya hərbi müdaxilə ilə hədələyib. Eyni vaxtda Karakasda baş verən güclü partlayışlar ölkənin zəngin neft ehtiyatları fonunda cərəyan edən prosesləri daha da mübahisəli müstəviyə çıxarıb. Neftin dünya bazarında dollarla satıldığını və bütün ölkələrin bu strateji resursa yüksək tələbat göstərdiyini nəzərə alsaq, Venesuela neftinə nəzarətin ABŞ-nin əlinə keçəcəyi halda, qiymətlərin hansı istiqamətdə dəyişəcəyi ciddi suallar doğurur. Sözügedən prosesin regional və qlobal miqyasda yaratdığı təsirlərin Azərbaycana da sirayət edəcəyi gözlənilir. Son statistik məlumatlara görə, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Belə ki, bir barelin qiyməti 1,68 ABŞ dolları və ya 2,6 faiz artaraq 65,8 ABŞ dollarına yüksəlib. Halbuki bundan əvvəl Azərbaycan neftinin qiyməti 64,12 ABŞ dolları təşkil edirdi. Bu artım qlobal enerji bazarında yaşanan gərginliklərin Azərbaycanın neft gəlirlərinə də təsirsiz ötüşmədiyini göstərir.

Enerji məsələləri üzrə ekspert, iqtisadçı  İlham Şaban məsələ ilə bağlı Sherg.az-a bildirib ki, dünya iqtisadiyyatında neftin bahalaşması adətən bazarda qiymət dəyişməsi və ya korreksiyası kimi qiymətləndirilir. Onun sözlərinə görə, hazırda real həyatda, neft qiymətlərinin ucuzlaşdığını müşahidə edirik:

“Neft elə bir məhsuldur ki, onun qiyməti nəinki gündəlik, hətta hər partiya satışında belə fərqli olur. Çünki neft dünyada ən yüksək tələbat olan əmtəələrdən biridir və alternativi qısa müddətdə mümkün deyil. Neftlə bütün bəşəriyyət irəliləyir və qlobal miqyasda hər kəs enerjiyə ehtiyac duyur. Bu səbəbdən neftdən asılı iqtisadiyyata malik ölkələr və enerji şirkətləri adətən qiymətləri rüblük və illik dövrlər üzrə təhlil edirlər. Əgər 2026-cı il üçün Azərbaycan dövlət büdcəsində neftin bir bareli 65 dollar səviyyəsində nəzərdə tutulubsa, real mənzərəni yalnız birinci rübün yekunları, təxminən aprel ayının ilk ongünlüyündən sonra görmək mümkün olacaq. Məhz bu nəticələr əsasında növbəti rüblər və ya il üçün qiymət proqnozlarına korrektələr edilə bilər”.

İqtisadçı əlavə edib ki, hazırda dünya bazarlarında diqqətçəkən əsas məqamlardan biri dekabrın 19-dan sonra ilk dəfə olaraq London birjasında neftin barelinin 60 dollardan aşağı qiymətə satılmasıdır. Onun fikrincə, buna əsas təsir edən amillər dünya siyasətindəki qeyri-müəyyənliklər, ABŞ-Venesuela münasibətlərindəki gərginlik, eləcə də Amerikanın Qrenlandiya ilə bağlı iddialarıdır:

“Bütün bu faktorlar bazarlara mənfi təsir göstərir. Nəticədə bazar iştirakçıları daha ehtiyatlı davranmağa üstünlük verirlər. Məhz bu ehtiyatlılıq neft qiymətlərinin azalmasını hələlik bazarda qoruyub saxlayan əsas amillərdən biridir. Venesuela hazırda dünya üzrə hasil edilən neftin təxminən 0,8 faizini istehsal etdiyi üçün qlobal neft bazarında həlledici təsir gücünə malik deyil. Digər tərəfdən, Venesuelada hasil edilən neft əsasən ağır və qatılaşmış növ olduğu üçün onun ixrac imkanları məhduddur. Bu səbəbdən sözügedən nefti emal edə bilən neftayırma zavodlarının təxminən 80 faizi Çinin, 10 faizi isə Kubanın payına düşür"

İqtisadçı ekspert, eyni zamanda ABŞ-nin Venesuela neftinə mümkün müdaxilə edəcəyi təqdirdə bunun dünya bazarında neft qiymətlərinə göstərə biləcəyi təsirlərə də toxunub:

“Bazar iştirakçılarının proqnozlarına görə, ABŞ Venesuelada öz maraqlarına uyğun hökumət formalaşdıra bilsə, cari il ərzində ölkədə neft hasilatının təxminən 30 faiz artması mümkündür. Lakin hasilatın ikiqat artırılması yalnız uzunmüddətli perspektivdə, təxminən üç il ərzində reallaşa bilər. Çünki neft sektoru dərhal nəticə verən sahə deyil. Bunun üçün ABŞ tərəfindən Venesuela neft sənayesinə ciddi investisiyaların qoyulması, neftin dünya bazarına çıxarılması məqsədilə zəruri infrastrukturun yaradılması, müasir texnologiyaların tətbiqi və ixtisaslı mütəxəssislərin cəlb edilməsi tələb olunur”.

Ekspertin qənaətinə görə, neft hasilatı qısa müddətdə nəticə verən sahə deyil. Belə ki, bir neft platformasının tikilməsi və istismara verilməsi üçün minimum 3,5-4 il vaxt tələb olunur. Bu isə prosesin son dərəcə mürəkkəb və çoxmərhələli xarakter daşıması ilə bağlıdır. Məhz bu struktur məhdudiyyətlər qlobal neft bazarında təklifin operativ şəkildə artmasına imkan vermir və qiymət dinamikasına müəyyən təsirlər göstərir.

İ.Şaban sonda qeyd edib ki, dünya bazarında formalaşan qiymət meyilləri, Azərbaycan neftinə də birbaşa təsir göstərir. Onun sözlərinə görə, “Azeri Light” markalı Azərbaycan nefti beynəlxalq bazarlarda “Brent” markalı neftin qiymətləri ilə indeksləşdiyindən, “Brent” üzrə baş verən hər bir artım və ya azalma avtomatik olaraq Azərbaycan neftinin qiymətində də öz əksini tapır.

Aybəniz Səfərova