Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM

"Dünyada ən böyük enerji böhranı təyyarə yanacağında yaşanır"

"Azərbaycan nefti uğrunda yarış başlayıb"

Yaxın Şərqdəki eskalasiya və Hörmüz boğazının bloklanması fonunda Yaponiyanın ENEOS şirkəti Azərbaycandan 283 min barel neft alıb. Yaponiya mediasının məlumatına görə, mayın 12-də (bu gün) Azərbaycandan neft daşıyan tanker artıq Yaponiyaya çatıb.

Neft Negisidə (Tokio yaxınlığında) yerləşən ENEOS neft emalı zavoduna yönəldiləcək.

Yapon nəşrləri qeyd ediblər ki, Yaponiya hökuməti ABŞ və Rusiyadan idxal da daxil olmaqla, Hörmüz boğazından keçməyən alternativ neft tədarükü mənbələrinin təmin edilməsi istiqamətində səylərini fəallaşdırıb, çünki satınalma mənbələrinin şaxələndirilməsi getdikcə daha mühüm prioritetə çevrilir. Məlumata görə, bu, Yaxın Şərqdəki münaqişənin başlanmasından bəri Yaponiyaya tədarük edilən Azərbaycan neftinin ilk partiyasıdır. İndiyədək, Hörmüz boğazının bağlanmasına qədər Yaponiya neft emalı zavodları üçün əsas xammal Yaxın Şərq nefti olmuşdur. Yaponiyada neftin gündəlik istehlak həcmi təxminən 3 milyon barel təşkil edir. Yaponiya həmçinin fövqəladə hallar üçün həm dövlət ehtiyatlarını, həm də özəl sektorun ehtiyatlarını özündə birləşdirən dünyanın ən böyük neft ehtiyatlarından birinə malikdir. Neft və neft məhsullarının ümumi ehtiyatları, bir qayda olaraq, bir neçə aylıq daxili tələbatı ödəyir, lakin Yaxın Şərqdə tədarükdə uzunmüddətli fasilələr olacağı təqdirdə idxalın sabitliyi ilə bağlı narahatlıqlar qalmaqdadır.

Yaponiyanın özünün neft ehtiyatı ola-ola Azərbaycandan neft alır və səbəbi nədir?

İqtisadçı Elman Sadıqov Sherg.az-a açıqlamasında bildirib ki, dünyada ən çox çatışmazlıq, qiymət artımı və ən az qalan ehtiyatlar məhz təyyarə yanacağı ilə bağlıdır. Xam neftdən fərqli olaraq təyyarə yanacağı ilə bağlı yaranan bu vəziyyətin də səbəbi odur ki, ölkələrin strateji təyyarə yanacağı ehtiyatları xam neft ehtiyatlarından dəfələrlə azdır:

“Bir neçə il normal şəraitdə saxlana bilən xam neftdən fərqli olaraq təyyarə yanacağının saxlanma müddəti ideal şəraitdə 6-18 ay olsa da, ölkələr 2, maksimum 3 aylıq ehtiyatlar saxlayır. Çünki, təyyarə yanacağı keyfiyyətini itirməyə başladıqda istifadə üçün də rentabelli olmur. Rusiyanın, Venesuelanın ağır neftlərindən fərqli olaraq Körfəz dövlətlərinin, xüsusilə Küveyt nefti təyyarə yanacağı üçün idealdır. Bu səbəbdən Hörmüz Boğazından keçən xam neftin 80%-i Çin başda olmaqla Asiya ölkələri tərəfindən idxal olunursa, təyyarə yanacağının təkcə 40%-i Avropa tərəfindən idxal olunur. Buna görə də, Avropada hazırda təyyarə yanacağı ilə bağlı vəziyyət kritikdir. 

Azərbaycan nefti də təyyarə yanacağı üçün çox uyğundur və hazırda demək olar ki, bütün neftimiz məhz bu məqsədlərə xidmət edir. Bu səbəbdən Yaponiya daxil olmaqla bir çox ölkələr Azərbaycan nefti üçün müraciətlər edirlər. Turizm mövsümü, uçuşların artmasını nəzərə alaraq təyyarə yanacağı ilə bağlı vəziyyətin daha da kritik hal alacağı ehtimalı yüksəkdir”.

İqtisadçı qeyd eidb ki, neft hasilatının azalması gələcəkdə az neftdən maksimum dəyər qazanmaq, məşğulluq və büdcə gəlirlərinin artımı baxımından neftayırma zavodumuzla bağlı strategiyaya yenidən baxılmasını zəruri edir:

“Təsəvvür edək ki, neftayırma zavodumuz təyyarə yanacağı istehsal edir. Xarici şirkətlər xam neft alışında maraqlı olduqları üçün təbii ki, bütün neftimizi emal edə bilməzdik. Amma heç olmasa bizə çatan hissənin 15-20%-nin məhz təyyarə yanacağı istehsalına yönəlməsi ciddi dəyər artımı demək olardı. Onu da qeyd edim ki, xam neftin özü ilə bağlı da vəziyyət ölkələrdə çox fərqlidir. Məsələn, Hindistan, Pakistan, Banqladeş, Afrika ölkələrində avtomobil deyil, motosiklin yanacaq çənini tam doldurmaq artıq lüks hesab olunur. Kasıb ölkələrdə çatışmazlıq ona görə çoxdur ki, həmin ölkələr bahalı nefti əvvəlki həcmlərdə almaqda çətinlik çəkirlər. Onların ticarət balansları ciddi mənfi saldo formalaşdırıb, bəzi ölkələrdə isə ümumiyyətlə neft alışı üçün dollar qıtlığı var. Bəzi ölkələr isə (Çin, Yaponiya, Cənubi Koreya) həm 6-9 aylıq strateji xam neft ehtiyatları yığıblar, həm də indi də valyutaları, imkanları, ixracları kifayət qədər yüksək olduğu üçün enerji idxalında ciddi çətinliklərlə üzləşmirlər. 

Səudiyyə Ərəbistanı isə qeyd edib ki, hesablamalarına görə 28 fevraldan indiyə qədər dünya neft bazarında 1 milyard barel neft yoxa çıxıb. Bu o deməkdir ki, məhz çatışmazlıq, qənaət səbəblərindən 28 fevraldan indiyə qədər normal halda satılan neftdən 1 milyard barel az neft satılıb. Bu əslində ciddi siqnaldır. Niyə? Çünki, bu qənaət ölkələrin növbəti aylarda iqtisadiyyatlarında öz təsirlərini göstərəcək. Bu isə ayrı mövzudur”. 

E. Sadıqov əlavə edib ki, qaz məsələsi ilə də bağlı vəziyyət oxşardır. Burada səbəb qazın özünə yanacaq kimi tələbin artmasından daha çox elektrik enerjisinə davamlı olaraq artan tələbdir:

“Avropada elektrik enerjisinin təxminən 20-22%-i istilik elektrik stansiyalarında (qazdan) əldə olunur, həm də sənayedə geniş istifadə olunur. Bu səbəbdən Avropaya elektrik enerjisi ixracı getdikcə aktuallaşır. 

Əslində müharibə bu gün tam bitsə və Hörmüz Boğazı maneəsiz açılsa neft qiymətləri hələ bir müddət 80 dollar ətrafında qalacaq. Lakin, hazırda kiçik Körfəz ölkələri xaric, lakin Səudiyyə Ərəbistanı daxil olmaqla neft hasil edən ölkələrin demək olar ki, hamısından neft hasilatına investisiyalar qoyulur, kvotalar maksimallaşdırılır, neft çıxarılmasında sanki ciddi bir yarış başlayıb. Bunun da nəticələrini gələn il görəcəyik”.