- Təbliğat sıfıra doğru gedir. Biz 1990-cı illərə qayıdırıq
Aparıcı Aytən Səfərova kart köçürmələrinə limit tətbiq olunmasının insanlara bir sıra çətinliklər yaratdığını deyib. Aparıcı bu barədə “Xəbər ertəsi” proqramında danışıb. O, nağdsız ödənişlərin genişləndirildiyi bir vaxtda insanların kartdan istifadə zamanı çətinliklərlə üzləşdiyini bildirib:
“İnsanlar əziyyət çəkir. Niyə və kim edib bunu? Taksi ilə gedirsən, deyirik ki, rəqəmsallaş. Rəqəmsallaşma gedir və kifayət qədər irəliləyiş var. Amma heç kim nağd pul işlətmir. Taksi sürücüsü bankomat axtarır ki, sərnişin pul çıxarsın. Hamımız pulu kartda saxlayırıq. İnsanlar niyə əziyyət çəkməlidir? Mən də əziyyət çəkirəm. Qərar vermək asandır. Amma nə ehtiyac var? Terminala 100 manat salırsan, 99 manat yüklənir, 1 manat gedir”.
Sherg.az-a açıqlama verən iqtisadçı Rauf Qarayev bildirib ki, kartdan karta pul köçürmələrinə limit qoyulması nağdsız ödənişlərdən geri dönüşü sürətləndirə bilər:
– Bir tərəfdən nağdsız ödənişlərlə bağlı kütləvi təbliğat gedir, digər tərəfdən isə kartdan karta köçürmələrə limit qoyulur. Limit qoyulması sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və buna nəzarətlə əsaslandırılırsa, nağdsız ödənişlərə nəzarət etmək mümkün idisə, kartdan karta köçürmələrdə də bunu etmək olardı.
Lakin limit qoyulması ilə nağdsız ödənişlərə zərbə endirildi. İnsanlar hər hansı ticarət şəbəkəsində kartdan karta ödəniş edirdilər, amma indi görürük ki, bizdən nağd ödəniş edilməsi istənilir. Taksilərdə də, mağazalarda da bu halla qarşılaşırıq. Problemlər artıb.
Hər hansı bir yerə gedəndə üzərində nağd pul yoxdursa, ödənişdə problem yaranır. Nağdsız ödənişlər dövriyyəsinə nəzarət kifayət qədər çətinləşib.
Əgər limit qoyulması şəffaflığın təmin edilməsi və sahibkarlıqla məşğul olanlara nəzarətin asanlaşdırılması üçündürsə, digər tərəfdən limitin tətbiqi nağd ödənişləri yenidən aktivləşdirir. Faktiki olaraq, biz nağd ödənişlərə gedirik. Təbliğat sıfıra doğru gedir. Biz 1990-cı illərə qayıdırıq.
Nağd ödənişləri aktivləşdirən, nağdsız ödənişlərə marağı və tələbatı azaldan amillərdən biri də “ƏDV geri al” kampaniyasının əvvəlki mahiyyətini itirməsi ilə bağlıdır. Məhz “ƏDV geri al” kampaniyası insanları ticarət şəbəkələrində alış-verişə sövq edirdi, həm də bonuslar qazanılırdı.
Artıq bu məsələ də sıradan çıxır. ƏDV-lərin geri qaytarılmasında durğunluq yaranıb. Çünki ƏDV əvvəlki kimi ödənmir, bir sıra məhsullar ƏDV-dən çıxarılıb, bonuslar da verilmir, yaxud çox cüzi məbləğdə verilir.
İnsanlar nağdsız ödənişlərə maraq göstərmirlər. Çünki əsaslı bir fərq görmürlər və getdikcə bundan imtina edirlər.