İqtisadi vəziyyətin yaxşı olmadığı açıq görünür - Natiq Cəfərli

Hökumət artıq bu tendensiyanı görməzdən gələ bilməz, mütləq ciddi islahatlara start verməlidir

Azərbaycanda ümümdaxili məhsulun həcmi azalıb. Yaxın-uzaq qonşularımızda isə əksinə, bu sahədə artım var. ÜDM artımı, məsələn, Gürcüstanda 8,4%, Özbəkistanda 7%-dən çox, Qırğızıstanda 8,8%-dir. 

“Sherg.az” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib.

İqtisadçı bildirib ki, hökumət üzvləri çıxışlarında ÜDM-nin az olmasını etiraf etsələr də, bunu problem saymadıqlarını deyiblər. Dünyada belə baxış bucağı mövcuddur, amma, iqtisadi nəzəriyyə və praktika onu deyir ki, hansısa ölkədə Ümum Daxil Məhsul göstəriciləri pisləşəndə, bu xalqın, əhalinin gəlirlərinə, dolanışığına mənfi təsir edir, həyat səviyyəsi aşağı düşür: 

- 2026-cı ilin ilk rübünün göstəriciləri açıqlanıb, Azərbaycanda iqtisadi tənəzzül olduğu, iqtisadi vəziyyətin yaxşı olmadığı açıq görünür və hökumət artıq bu tendensiyanı görməzdən gələ bilməz, mütləq ciddi islahatlara start verməlidir. 2026-cı ilin ilk 3 ayında Azərbaycanda ÜDM 0,3% azalıb, yəni, ressesiya başlayıb. Onu da nəzərə alaq ki, mart ayında neft qiymətləri kəskin artıb, buna baxmayaraq ÜDM-də azalma var, deməli, problemlər çox dərinləşib. Qonşularımıza baxanda görürük ki, Gürcüstanda 8,4%, Özbəkistanda 7%-dən çox, Qırğızıstanda 8,8% ÜDM artımı var. Digər göstəricilər də ürəkaçan deyil – bu ilin ilk 2 ayında Azərbaycanın ticarət dövriyyəsi 2025-ci ilin yanvar-fevral aylarına nisbətən 23,5% azalıb, ixarac 9,6%, idxal isə 37,1% azalma göstərib. Bu çox təhlükəli tendensiyadır, insanların alıcılıq qabiliyyəti düşüb, biznes isə investisiya yönümlü avadanlıq almır. Gələk vətəndaşın gəlirlərinə - insanların gəlirləri nominal ifadədə 5,3% artıb (bu pis deyil), amma, ölkədə rəsmi inflyasiya 5,7% olub – yəni, inflyasiya vətəndaşın gəlir artımını yeyib-bitirib, vətəndaşın real gəlirləri azalıb. Bu il problemli kreditlərin həcmi də artıb – 2026-cı ilin yanvarın Azərbaycanın bank sektorunın qeyri-işlək, probli kreditlər portfeli 763 milyon manat təşkil edib. İlin-ilə müqaisədə qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58 milyon manat, biznes kreditlərində isə 54 milyon manat artım olub. Nəticədə, qeyri-işləklərin cəmi kredit portfelində payı 0,1 faiz bəndi artaraq 2,5 % təşkil edib. Xatırladım ki, iqtisadi nəzəriyyəyə görə problemli kreditlər ümumi kreditlərin 3%-ni keçərsə, bu təhlükəli hal sayılır. Bizdə artıq 2,5%-ə çatıb, sürətlə də artır, ilin sonuna, çox güman, 3%-i keçəcək. Hörmətli hökumət, vəziyyət çox ciddidir, lütfən fərqinə varın, problemlər qar uçqunu kimi artmamış, həlli yollarını tədbiq edin. Kiçik-orta sahibkarlıq boğulur, qiymətlər sürətlə artır, insanların real gəlirləri azalır, iqtisadi daralma yaşanır – daha nə olmalıdır ki, həyəcan siqnalını eşidib, hərəkətə keçilsin?!.