Müharibənin təsirləri artıq yalnız enerji və ərzaq qiymətlərində deyil, mağaza rəflərindəki məhsulların görünüşündə də hiss olunmağa başlayıb
Yaxın Şərqdə artan gərginlik bu dəfə market rəflərinə də təsir edib. Yaponiyanın məşhur qəlyanaltı istehsalçısı "Calbee" mürəkkəb tədarükündə yaranan problemlər səbəbindən bəzi məhsullarının rəngli qablaşdırmalarından imtina edir.
Şirkət yüksək satış göstəricilərinə malik 14 məhsulunda, o cümlədən kartof çipslərində qara-ağ qablaşdırmaya keçmək qərarı verib. Yeni dizaynlı məhsulların mayın 25-dən etibarən satış şəbəkələrinə göndərilməsi planlaşdırılır.
Sherg.az xəbər verir ki, qərarın əsas səbəbi İran müharibəsi fonunda xam neft və neft-kimya məhsullarının tədarükündə yaranan problemlərdir. Xüsusilə mürəkkəb istehsalında istifadə olunan həlledicilər və qatranlar üçün vacib xammal sayılan nafta qıtlığı qablaşdırma çapına birbaşa təsir göstərib.
"Calbee" bu addımı bütün məhsullarına tətbiq etmək əvəzinə yalnız ən populyar məhsullarla məhdudlaşdıraraq istehsal və satış prosesində yarana biləcək problemləri minimuma endirməyə çalışır.
Şirkət xammal tədarükündəki dalğalanmanın səbəbini “Yaxın Şərqdəki gərginlik” kimi izah edib. Bununla belə, oxşar problemlərlə təkcə "Calbee" üzləşmir. Bildirilir ki, Yaponiyadakı bir çox qida və içki istehsalçıları da qablaşdırma çapında həm xərc, həm də tədarük problemləri yaşayır.
Qida istehsalçısı "Itoham Yonekyu Holdings"in prezidenti Hiroyuki Urata da rəngli qablaşdırmaların gələcəkdə davamlılığının çətinləşə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə qablaşdırmalar daha sadə -qara-ağ dizaynlara keçə bilər.
Bundan əlavə, orta ölçülü bir içki istehsalçısı da may ayının sonundan etibarən iri brendlər üçün istehsal etdiyi 15 probiotik içkinin qablaşdırmasında bəzi rəngli çap elementlərini ləğv edəcəyini açıqlayıb.
Beləliklə, müharibənin təsirləri artıq yalnız enerji və ərzaq qiymətlərində deyil, mağaza rəflərindəki məhsulların görünüşündə də hiss olunmağa başlayıb.