100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord

  • Bu insanların böyük əksəriyyətini qadınlar təşkil edir

Yaponiyada 100 yaş və daha yuxarı insanların sayı rekord həddə çataraq 100 mini keçib. Bu insanların böyük əksəriyyətini qadınlar təşkil edir. Ölkənin ən yaşlı sakininin isə 114 yaşı var.

Sherg.az xəbər verir ki, “Telegraph”ın yaydığı xəbərə görə, uzunömürlülüyü ilə tanınan Yaponiyada Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, yaşı ən azı 100 olan 107 min 677 nəfər yaşayır.

Ən yaşlı qadının 114 yaşı var

Ölkənin ən yaşlı qadını Kiotodan olan Fuyo Kişimoto 114 yaşındadır. Ən yaşlı kişi isə Kumamotodan olan Hikaru Kato 112 yaşındadır.

100 və daha yuxarı yaşda olan insanların 88 faizini qadınlar təşkil edir. Bu vəziyyət əsasən kişilərin İkinci Dünya müharibəsi zamanı həyatını itirməsi və ya sağlamlığa zərərli həyat tərzini seçməsi ilə əlaqələndirilir.

Yaponiyanın səhiyyə naziri Keniçiro Ueno çox sayda insanın uzun, sağlam və aktiv həyat sürməsindən məmnunluğunu ifadə edib.

Ueno, həmçinin yaşlı insanları dəstəkləyəcək güclü sosial təminat sisteminin yaradılacağına söz verib.

100 yaşını tamamlayanlara Baş nazirdən təbrik

Yaponiyada 100 yaşını tamamlayan şəxslərə Baş nazir tərəfindən təbrik məktubu və xatirə məqsədilə gümüş sake stəkanı hədiyyə edilir.

Bu stəkanlar əvvəllər xalis gümüşdən hazırlanırdı. Lakin 100 yaşdan yuxarı insanların sayının sürətlə artması və sake stəkanlarının getdikcə daha bahalı ənənəyə çevrilməsi səbəbindən 2016-cı ildən gümüş örtüklü stəkanlardan istifadə olunur.

Səhiyyə və Rifah Nazirliyinin məlumatına görə, 100 yaş və daha yuxarı şəxslərlə bağlı araşdırmaların başladığı 1963-cü ildə Yaponiyada cəmi 153 nəfərin yaşı 100 və ya daha çox olub.

Alimlərin əksəriyyəti yaponların uzunömürlülüyünü sağlam qidalanma, aktiv həyat tərzi və əlçatan səhiyyə sistemi ilə əlaqələndirir.

Uzunömürlülük qismən yapon qidalanma sistemi ilə əlaqələndirilir

Yaponiyanın ən cənubunda yerləşən Okinava tarixən dünyada 100 yaşdan yuxarı insanların sıxlığının ən yüksək olduğu bölgələrdən biri hesab olunur. Burada uzunömürlülük qismən ənənəvi yapon qidalanma sistemi ilə əlaqələndirilir. Bu qidalanma tərzi aşağı kalorili və doymuş yağ baxımından kasıb, eyni zamanda yüksək qida dəyərinə malikdir.

Mütəxəssislər həmçinin yapon cəmiyyətində kiçik yaşlardan formalaşan “meivaku” anlayışına diqqət çəkirlər. “Cəmiyyətə yük olmaq qorxusu” mənasını verən bu anlayışın insanların daha yaşlı dövrlərə qədər işləməsinin səbəblərindən birini izah etdiyi bildirilir.

Yaponiyada orta ömür uzunluğu qadınlar üçün 87,2, kişilər üçün isə 81,7 ildir. Bu göstəricilər ölkəni dünyanın ən yüksək orta ömür uzunluğuna malik dövlətləri sırasında saxlayır. Bununla belə, Yaponiyanın əhalisi azalmaqda davam edir.

Yaponiyada doğum səviyyəsi sürətlə azalır

Yaponiyanın Baş naziri Sanae Takaçi sürətlə azalan doğum səviyyəsini “səssiz fövqəladə vəziyyət” adlandırıb.

Ölkədə böyüklər üçün uşaq bezlərinin satışı artıq on ildən çoxdur ki, körpələr üçün uşaq bezlərinin satışını üstələyir.

Yaponiyada ümumi doğuş əmsalı 2025-ci ildə rekord aşağı səviyyəyə -1,14-ə düşüb. Bu göstərici əhalinin mövcud səviyyəsinin qorunması üçün tələb olunan 2,1 uşaq göstəricisindən xeyli aşağıdır.

Yaponiyanın əhalisi 2008-ci ildə 128 milyon nəfərlə pik həddə çatıb. Hökumətin proqnozlarına əsasən, ölkə əhalisinin 2070-ci ilədək 87 milyona qədər azalacağı gözlənilir.

Hökumətin apardığı araşdırmaya görə, 18-34 yaş aralığında olan subayların 20 faizindən çoxu heç vaxt evlənmək niyyətində olmadığını bildirib. Onların təxminən yarısı isə evliliyin onlar üçün hər hansı fayda yaratmadığını düşündüyünü deyib.