60 ildir eyni işi görür: Pul təklif edirlər, amma sirrini heç kimə vermir

Türkiyənin Amasya şəhərində yaşayan 86 yaşlı Elvan Özgiray artıq 60 ildən çoxdur ki, küçələrdə ətir və essensiya satışı ilə məşğuldur. Şəhərin son ənənəvi essensiya satıcısı hesab olunan Özgiray hazırladığı xüsusi qoxuları turistlərə təqdim etməyə davam edir.

Sherg.az xəbər verir ki, başından papağını heç vaxt çıxarmayan Elvan baba uzunömürlülüyünün sirrini siqaret və digər zərərli vərdişlərdən uzaq durmasında gördüyünü bildirib. O, papaq taxmasını isə Mustafa Kamal Atatürk sevgisi ilə əlaqələndirib.

Amasyada simvolik simalardan birinə çevrilən Özgirayın hazırladığı essensiyaların resepti isə hələ də sirr olaraq qalır. Yerli sahibkarlar bu məhsulları brendə çevirmək üçün ona müxtəlif təkliflər etsələr də, o, reseptini bölüşməkdən imtina edib.

Ətrafındakılar Elvan babanın həm peşəsinə bağlılığını, həm də insanlarla səmimi münasibətini nümunə göstərirlər.