Bir vaxtlar hər evdə istifadə olunurdu: Orda cəmi 70 süpürgə ustası qalıb

Türkiyənin əsas süpürgə istehsal mərkəzlərindən biri olan Sakaryada ənənəvi ot süpürgəsi sənəti yox olmaq təhlükəsi ilə üz-üzədir. Vaxtilə təxminən 700 ustanın çalışdığı sahədə hazırda cəmi 70 nəfər fəaliyyət göstərir.

2018-ci ildə “Sakarya süpürgəsi” adı ilə qeydiyyata alınan bu məhsul hələ də ənənəvi üsullarla hazırlanır. Süpürgə otu emal olunduqdan sonra ustaların əlləri ilə formaya salınır və Türkiyənin müxtəlif bölgələrinə göndərilir.

30 ildir bu peşə ilə məşğul olan Yusuf Manastır bildirib ki, elektrik süpürgələrinin yayılması səbəbindən ot süpürgələrinə tələbat xeyli azalıb. Onun sözlərinə görə, gənclər bu sənətə maraq göstərmir və çırak tapmaq getdikcə çətinləşir.

“Ustaların əksəriyyəti 70 yaş ətrafındadır. Onlar da fəaliyyətini dayandırdıqdan sonra istehsal demək olar ki, bitəcək. Dünya durduqca süpürgəyə ehtiyac olacaq, amma bu sənət yox ola bilər”, - deyə o vurğulayıb.

52 ildir süpürgəçiliklə məşğul olan Mustafa Çalışkan da yeni nəslin bu peşəyə maraq göstərmədiyini bildirib. Onun sözlərinə görə, əl əməyinə əsaslanan və zəhmət tələb edən bu sənətin gələcəyi ciddi təhlükə altındadır.