Dünya Kubokunun start götürməsi ilə ənənəvi "kahin heyvanlar" da yenidən diqqət mərkəzinə gəlib. Almaniyanın Köln şəhərindəki zooparkda yaşayan fil və oranqutan turnirin ilk proqnozlarını veriblər.
Sherg.az xəbər verir ki, Zooparkda günün əsas mövzusu Almaniya yığmasının Karib hövzəsini təmsil edən Kurasao komandası ilə keçirəcəyi qarşılaşma olub. Bunun üçün heyvanların qarşısına komandaların bayraqları ilə işarələnmiş seçim variantları yerləşdirilib.
Proqnoz verən heyvanlardan biri olan Tarak adlı fil Almaniyanı seçərək diqqət çəkib. Fil Almaniyanın simvolu olan topu əzərək bu komandanın böyük hesablı qələbə qazanacağını işarə edib.

Zooparkın digər məşhur sakini, Valter adlı oranqutan da Almaniyanın qələbəsini proqnozlaşdırıb. Bayraqlarla işarələnmiş yem qutuları arasında seçim edən Valter son qərarını Almaniyanın xeyrinə verib.
Futbol azarkeşləri üçün nəticələri təxmin edən heyvanlar ənənəsi yeni deyil. Bu sahədə ən məşhur nümunə 2008 və 2010-cu illərdə proqnozları ilə dünya şöhrəti qazanan Paul adlı ahtapot olub. Paul 2010-cu il Dünya Kubokunda Almaniya millisinin keçirdiyi altı oyunun nəticəsini düzgün təxmin etməklə böyük populyarlıq qazanmışdı.
Dünya Kuboku boyunca nəticələri təxmin edən heyvanların yeni proqnozlarının futbol ictimaiyyətinin diqqətini çəkməyə davam edəcəyi gözlənilir.