İsti havada buzlu su içmək və ya qəfil soyuq duş qəbul etmək ürək-damar sistemi üçün təhlükəli hesab olunur.
Sherg.az xəbər verir ki, fizioloq Nina Duvanovanın sözlərinə görə, isti hava şəraitində orqanizm istiliyi xaric etmək üçün damarları genişləndirir. Bu zaman buzlu su içmək və ya soyuq duş qəbul etmək damarların qəfil daralmasına səbəb olur və orqanizmin istilik tənzimləmə mexanizmini pozur.
Mütəxəssis bildirib ki, bu vəziyyət arterial təzyiqin yüksəlməsi, nəbzin sürətlənməsi və ürəyə düşən yükün artması ilə nəticələnə bilər. Xüsusilə hipertoniya və aterosklerozdan əziyyət çəkən şəxslər üçün risk daha yüksəkdir. Hətta sağlam gənclərdə belə soyuq şoku riski istisna edilmir.
Bundan başqa, isti havalarda insan tərləmə nəticəsində gündə 2-3 litr maye və orqanizm üçün vacib mineral duzlar, xüsusilə natrium itirir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu itkini yalnız adi su ilə kompensasiya etmək hiponatremiya, yəni orqanizmdə natrium çatışmazlığına səbəb ola bilər.