Kainatın qaydalarını pozan qara dəlik kəşf edildi

Astronomlar əvvəllər kainatın pozulmaz sayılan iki əsas qaydasını pozan qədim qara dəlik kəşf ediblər. Bu qara dəlik yalnız genişlənmədə sürət həddini aşmır, həm də ekstremal rentgen və radioşüalanma yaradır. Əvvəllər bu iki xüsusiyyətin bir yerdə mövcud ola bilməyəcəyi düşünülürdü.

Teleqraf xəbər verir ki, araşdırma “The Astrophysical Journal”da dərc olunub.

ID830 adlı kvazar son dərəcə parlaq və aktiv superkütləvi qara dəlikdir və öz qütblərindən nəhəng şüa axınları yayır. Təxminən 12 milyard il əvvəl - kainatın hazırkı yaşının təxminən 15 faizi olduğu vaxt onun kütləsi 440 milyon Günəş kütləsinə bərabər olub.

Qara dəliklər qaz və tozu özünə çəkir, bu material isə fırlanan akresiya diskində toplanır. Qravitasiya diskdəki materialı qara dəliyə doğru çəkir, amma düşən material şüa təzyiqi yaradır və bu da əlavə maddənin düşməsini əngəlləyir. Nəticədə, qara dəliklərin böyüməsi “Eddinqton limiti” adlanan özünütənzimləmə prosesi ilə məhdudlaşır.

Araşdırmaçılar ID830-un böyümə sürətini hesabladıqda məlum olub ki, obyekt təxminən “Eddinqton limiti”ndən 13 dəfə artıq kütlə toplayır, bu da qəfil qaz axını nəticəsində baş verir. Bu, ID830-un yaxınlaşan bir göy cismini parçalayaraq udduğu zaman baş vermiş ola bilər.

“ID830 kimi kütləyə malik superkütləvi qara dəlik üçün adi ulduz kifayət etməzdi, daha nəhəng ulduz və ya nəhəng qaz buludu lazım olardı”, - araşdırmanın həmmüəllifi Sakiko Obuçi bildirib.

Belə mərhələlər inanılmaz dərəcədə qısa ola bilər. Obuçi əlavə edir ki, belə keçid mərhələsi təxminən 300 il davam edə bilər.

ID830 eyni anda həm radio, həm də rentgen şüalanması göstərir. Bu iki xüsusiyyət adətən eyni anda mövcud ola bilməz, çünki “Eddinqton akresiyası”nın belə şüalanmanı boğduğu düşünülür.

ID830-un qeyri-adi davranışı göstərir ki, superkütləvi qara dəliklər erkən kainatda qalaktikaların böyüməsini tənzimləyə bilərdilər. Qara dəlik “Eddinqton limiti”ni keçən maddə udduqda onun şüalanmasından yayılan enerji ulduzlararası mühitdəki qazı qızdırıb dağıda və ulduzların yaranmasını əngəlləyə bilər. Nəticədə, ID830 kimi qədim superkütləvi qara dəliklər öz qalaktikalarından kütlə qazanmış ola bilər.