İkinci Dünya müharibəsi zamanı tanış olan italiyalı Luigi Pedutto ilə ukraynalı Mokryna Yurjukun sevgi hekayəsi illər sonra yenidən gündəmə gəlib.
Sherg.az xəbər verir ki, onlar 1943-cü ildə Avstriyanın Sankt Pölten şəhəri yaxınlığındakı nasist düşərgəsində tanış olublar. Müharibə əsiri olan Luigi ilə məcburi əməyə cəlb edilmiş Mokryna eyni düşərgədə yaxınlaşıb və aralarında sevgi yaranıb.
Lakin 1945-ci ildə müharibə başa çatdıqdan sonra siyasi maneələr onların birlikdə olmasına imkan verməyib. Mokryna Sovet İttifaqına qayıtmağa məcbur olub, Luigi isə İtaliyaya dönüb.
Hər ikisi sonradan ailə qurub, övlad sahibi olsalar da, yaxınlarının sözlərinə görə, gənclik sevgilərini heç vaxt unutmayıblar.

Aradan 60 ildən çox vaxt keçdikdən sonra Luigi televiziya proqramının köməyi ilə Mokrynanı Ukraynada tapmağa nail olub. 2004-cü ildə baş tutan görüş milyonlarla insanı duyğulandırıb.
Yenidən görüş zamanı Luigi sevdiyi qadına evlənmə təklifi etsə də, Mokryna yaşlarının çox olduğunu və ailəsini tərk etmək istəmədiyini bildirərək bu təklifi qəbul etməyib. Buna baxmayaraq, onlar sonrakı illərdə də əlaqələrini davam etdiriblər.
Luigi və Mokrynanın hekayəsi bu gün də müharibənin insanların taleyində buraxdığı izlərin və unudulmayan sevginin ən təsirli nümunələrindən biri kimi xatırlanır.