ODTÜ məzunu heyvandarlığa başladı: “Kənd həyatı 10 toyuq, 5 qoyundan ibarət deyil”

Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) məzunu Mehmet Fatih Ürün şəhər həyatını geridə qoyaraq Muğlanın Fethiye rayonunda 50 baş Anadolu Merinosu qoyunla kiçikbaş heyvandarlıqla məşğul olmağa başlayıb.

Sherg.az xəbər verir ki, "Milliyet"-in məlumatına görə, ingilis dili müəllimliyi üzrə təhsil alan, Türkiyə Silahlı Qüvvələrində zabit kimi xidmət edən və akademik fəaliyyətlə məşğul olan Ürün uşaqlıqdan heyvandarlığa maraq göstərib.

Ürün bildirib ki, heyvandarlığa başlamazdan əvvəl uzun müddət araşdırma aparıb və aşağı faizli kredit imkanlarından yararlanaraq bu sahəyə daxil olub. Onun sözlərinə görə, 50 baş qoyunla təsərrüfat qurmaq ailənin əsas dolanışığını təmin etmək üçün hələ kifayət deyil və təsərrüfatın gəlir gətirməsi üçün ən azı 1,5–2 il vaxt tələb olunur.

O qeyd edib ki, 50 baş qoyun üçün heyvanların tamamilə qapalı şəraitdə saxlanılması və yemlə təmin edilməsi halında aylıq yem və baytarlıq xərcləri təxminən 80 min türk lirəsi təşkil edə bilər. Lakin ilin böyük hissəsində otlaqdan istifadə etmək və yemin bir hissəsini öz təsərrüfatında istehsal etmək xərcləri əhəmiyyətli dərəcədə azaldır.

Ürün kənd həyatının sosial şəbəkələrdə təqdim edildiyi qədər asan olmadığını da vurğulayıb. Onun sözlərinə görə, “kəndə köçüb 10 toyuq, 5 qoyun saxlamaq və öz tərəvəzini yetişdirməklə rahat həyat yaşamaq” real və davamlı təsərrüfat modeli deyil. Bu cür qərar üçün əvvəlcədən maliyyə, yaşayış, ailə və gəlir planlaması aparmaq lazımdır.