Oğluna Ronaldo adını verdi

Türkiyənin Diyarbəkir şəhərində yaşayan inşaat işçisi Recep Karakaş bir ay əvvəl dünyaya gələn oğluna heyranı olduğu portuqaliyalı futbolçu Kriştiano Ronaldonun adını verib.

Sherg.az xəbər verir ki, Karakaş Ronaldonun mərhəmətli və ehtiyacı olan insanlara yardım edən biri olduğunu düşündüyü üçün oğluna bu adı verdiyini bildirib. O, futbolçunun xüsusilə fələstinlilərə yardım etməsini də qeyd edib.

Üç uşaq atası olan Karakaş ailəsinin və yaxınlarının Ronaldo adına etiraz etdiyini, lakin qərarından vaz keçmədiyini deyib. Onun sözlərinə görə, ilk oğluna da Ronaldo adını vermək istəyib, lakin bu, mümkün olmayıb.

Karakaş Ronaldonun bütün oyunlarını uşaqları ilə birlikdə izlədiyini və övladlarının da futbolçuya heyran olduğunu bildirib. O, Ronaldodan yalnız imzalı forma istədiyini və bir gün uşaqları ilə birlikdə futbolçunun oyununa getmək arzusunda olduğunu deyib.

İnşaat işçisi oğlunun gələcəkdə Ronaldo kimi mərhəmətli, şəfqətli və ədalətli insan olmasını arzuladığını vurğulayıb.

Karakaş gələcəkdə daha bir oğlan övladı olacağı təqdirdə ona Ronaldonun atasının adı olan “Jose Dinis Aveiro” adını verəcəyini də bildirib.