Avstraliyanın Kvinslend ştatında bir qadın eyni gün iki uşaq dünyaya gətirib, lakin uşaqların bioloji valideynləri fərqlidir və onlar bir-biri ilə qohum deyillər.
Sherg.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, hadisə 2025-ci ildə baş verib və Avstraliyada ilk belə hal hesab olunur. Qadın surroqat analıq müqaviləsi çərçivəsində hamilə olduğu müddətdə təbii yolla da hamilə qalıb.
Hər iki uşaq 1 noyabr 2025-ci ildə qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Süni mayalanma yolu ilə dünyaya gələn körpə bioloji valideynlərinə verilib.
Məsələ Kvinslend Uşaqlar Məhkəməsində araşdırılıb. Buna səbəb surroqat analıqla bağlı qanunlarda surroqat anadan doğulan bacı-qardaşların bir-birindən ayrılmasına məhdudiyyət qoyulması olub.
Məhkəmə uşaqların eyni anadan və eyni gündə doğulmasına baxmayaraq bioloji baxımdan qohum olmadığını müəyyən edib. Nəticədə onların müxtəlif ailələrdə, yəni öz bioloji valideynlərinin yanında böyüməsinə icazə verilib.